BAKI, 7 sentyabr — Sputnik. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili özünün keçmiş “Vahid Milli Hərəkat” partiyasının onu ölkənin baş naziri vəzifəsinə namizəd kimi irəli sürmək qərarını alqışladığını bildirib. O, həmin vəzifəni tutmağa hazır olduğunu, ancaq orada cəmi iki il qala biləcəyini deyib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu gün Gürcüstanın keçmişdə hakimiyyətdə olmuş “Vahid Milli Hərəkat” partiyası parlament seçkisində qalib gələcəyi təqdirdə özünün eks-lideri Mixeil Saakaşvilini baş nazir postuna namizəd göstərəcəyini bəyan edib. Seçki oktyabrın 31-də keçiriləcək.
“Milli hərəkat və bir sıra digər vətəndaşlarımız mənim Gürcüstanın baş naziri olma məsələmi qaldırıblar. Bu barədə düşünürəm və demək istəyirəm ki, bu vəzifəni üzrəimə götürməyə hazıram, amma sadəcə hakimiyyətə gəlmək üçün, yaxud da hakimiyyət üçün darıxdığıma görə yox... Mən tam müddətdə baş nazir olmayacam, maksimum iki il, çünki bu iki il Gürcüstanı bataqlıqdan çıxarıb irəli aparmağa kifayət edəcək”, - “Mtavari” telekanalının birbaşa yayımladığı çıxışında Saakaşvili deyib.
Onun sözlərinə görə, həftənin 7 günü, 24 saat müxtəlif insanlarla “Gürcüstanın xilası üçün” işləməyə hazırdır.
Bundan əvvəl Saakaşvili Facebook-dakı videomüraciətində Ukraynaya ona “ikinci ev” olduğuna görə təşəkkür edərək bildirib ki, artıq vətəninə qayıdır. Siyasətçi deyib ki, prezidentliyi dövründə bəzi səhvlər edib, ancaq indi ölkəsinə xidmət etmək üçün kifayət qədər təcrübə toplayıb. Gürcüstan hakimiyyətindəki bəzi nümayəndələr onun qayıtma xəbərini yalan adlandırıblar, Ədliyyə naziri Teya Tsulukiani isə Saakaşvili sərhədi keçən kimi onu həbs edəcəyinə söz verib.
Saakaşvili Gürcüstanı 2013-cü ildə tərk edib. Orada ona qarşı bir neçə cinayət işi açılıb və bəziləri üzrə qiyabi olaraq həbs cəzaları kəsilib. 2015-ci ilin yazında Saakaşvili Ukrayna siyasətinə gəlib, həmin vaxt prezident olan Pyotr Poroşenko ona vətəndaşlıq verərək Odessa vilayətinin qubernatoru təyin edib. 2016-cı ildə Poroşenko onu Odessanı inkişaf etdirəcəyinə dair verdiyi vədi yerinə yetirmədiyinə görə işdən, 2017-ci ilin iyulunda isə Ukrayna vətəndaşlığından çıxarıb.
2018-ci ilin fevralında Saakaşvili Polşaya sürgün edilib. Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski 2019-cu il mayın 28-də Saakaşvilinin vətəndaşlığını bərpa edib və o, Ukraynaya gəlib. Bu ilin mayında Zelenski Saakaşvilini Ukraynanın Milli İslahatlar Şurasının icraiyyə komitəsinin başçısı təyin edib.