BAKI, 5 sentyabr — Sputnik. "Facebook" sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bəyan edib ki, noyabrın 3-ü ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra ölkədə qarşıdurmalar baş verə bilər. Sputnik Azərbaycan bildirir ki, o bu barədə "Axios"a müsahibəsində bildirib.
"Çox təəssüf ki, səsvermə və nəticələrin elan olunması arasında olan dövrdə qarşıdurmaların olacağına dair böyük risk var. Mən hesab edirəm ki, biz zorakılıq riskini azaltmaq üçün mümkün olan hər şeyi etməliyik", - deyə Zukerberq qeyd edib.
Bundan əlavə, o, KİV-i "Facebook"la birgə əhalini səslərin sayılmasının bir neçə gün və ya bir neçə həftə çəkə biləcəyinə hazırlamağa çağırıb.
Qeyd edək ki, daha əvvəl hazırkı ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, rəqibi Co Bayden seçkilərdə qalib gəlsə, onda ölkədə inqilab baş verə bilər.