İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr - Sputnik. Qədim sənətkarlıq nümunələrindən sayılan Azərbaycan şəbəkəsi öz unikallığı və sənətkarlıq üslubu ilə dünyada məşhurdur. Bu səbəbdən də Vatikanın Kiyevdə tikdirdiyi səfirliyinin fasadının mərkəzi hissəsinə Azərbaycan şəbəkəsinin yerləşdirilməsi barədə qərar qəbul edilib. Şəbəkənin hazırlanmasına 1 il öncə usta Tofiq Rəsulovun rəhbərliyi ilə başlanıb. Layihəni də onun şagirdi İlqar Rəsulzadə hazırlayıb. İlqar Rəsulzadə bildirib ki, şəbəkənin hazırlanması üçün sifarişi Vatikan hökuməti verib.
“Bu gün biz şəbəkə sənəti sahəsində ciddi yenilik etdik. Bizim üçün fəxredici haldır ki, Azərbaycan şəbəkəsi dünyanın nüfuzlu dövləti olan Vatikanın Ukraynadakı səfirliyinin fasad üzlüyünü bəzəyəcək. Dünya memarlığının mərkəzi sayılan İtaliyanın məhz Azərbaycan şəbəkəsinə marağı bu şəbəkəni dünyada daha çox tanıdacaq”.
Şəbəkənin hündürlüyü 6 metrdən çoxdur. Usta Tofiq Rəsulovun sözlərinə görə, şəbəkə 6 min hissədən hazırlanıb.
“6 min şüşə və taxta parçası bir-birinə keçirilib. Burada mismar və yapışqandan istifadə edilməyib. Şəbəkədə Azərbaycan mədəniyyətini və şəbəkəçiliyini təbliğ edən milli arnamentlər istifadə olunub. Onun hazırlanması üçün 8 nəfər usta bir il çalışıb”.
Hazırlanan şəbəkənin Ukraynaya göndərilməsi üçün müvafiq sənədlər hazırlanır. Əl işinin təhlükəsiz şəkildə ünvana çatdırılması üçün Vatikan dövləti xüsusi olaraq yük maşını sifariş edib. Şəbəkəni quraşdırmaq üçün Kiyevə şəbəkə ustası Tofiq Rəsulov başda olmaqla üç nəfər sənətkar yola düşəcək.