BAKI, 4 sentyabr — Sputnik. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması tədbirlərinin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan yaşayış məntəqələrini deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sona çatıb. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən avtomobil yolunun uzunluğu 11.5 km-dir. Yolun 6.4 km-lik hissəsi III texniki dərəcəli, 5.1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2.5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.
Qeyd edilən avtomobil yolu uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına yük və sərnişin daşımasının asanlaşmasına müsbət təsir edib. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtromobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunub.