BAKI, 3 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.
Sputnik Azərbaycan-ın xəbərinə görə, dövlətimizin başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış olublar.
Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Bina 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.
Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb.
Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu da yenidən inşa olunaraq istifadəyə verilib.
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.