SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN: Ermənistanın danışıqların bərpası cəhdlərini müşahidə edirik

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, Azərbaycanın dəyişilməz mövqeyidir və münaqişənin tənzimlənməsi üzrə aparılan istənilən danışıqların məğzini məhz Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması təşkil etməlidir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. "Təcavüzkar Ermənistanın son zamanlar Xarici İşlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edirik. Hətta bu cəhdləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlarla əlaqələndirmək istəyi də göz qabağındadır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin ötən gün mətbuat konfransı zamanı səsləndirdiklərini şərh edərkən deyib.

L.Abdullayeva qeyd edib ki, Ceyhun Bayramovun Moskva XİN-də mətbuat brifinqində söylədiklərini, yəqin ki, Ermənistan tərəfi yaxşı dinləyib: "Belə ki, nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların sənəd və qətnamələrinə əsaslandığını və münaqişənin sülh yolu ilə həlli çərçivəsində Azərbaycanın ərazilərinin işğaldan azad olunması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruri olduğunu vurğulayıb. Bu, Azərbaycanın dəyişilməz mövqeyidir və münaqişənin tənzimlənməsi üzrə aparılan istənilən danışıqların məğzini məhz Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması təşkil etməlidir".

XİN rəsmisi bildirib ki, Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf rayonlarından Ermənistanın işğalçı qüvvələri çıxacağı təqdirdə, nə atəşkəsə, nə onun möhkəmləndirilməsinə, nə də araşdırma mexanizminə ehtiyac qalacaq: "Görünən odur ki, Ermənistan yenə də riyakarlıqla məşğuldur. Bir tərəfdən sülh prosesindən danışdığı halda, digər tərəfdən iki ölkənin sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın ardınca təmas xəttində sabotaj aktı törətməyə cəhd göstərmiş, Azərbaycan şəhərlərinin bombalanması hədələri ilə çıxış etmiş və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirməkdədir. Bundan əlavə, Ermənistan Baş nazirinin və Xarici İşlər nazirinin danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməsi və heç bir hüquqi, siyasi əsası olmayan iddialarla çıxış etməsi danışıqların pozulması məqsədi daşıyır.

O ki qaldı Ermənistan XİN-in mətbuat katibinin Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı Azərbaycanın rəsmi mövqeyinə, Azərbaycanın diplomatik potensialına dair fikir bildirilməsinə, qısa şəkildə onu deyə bilərəm ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və Azərbaycan diplomatları bu siyasəti layiqincə həyata keçirirlər. Tarixən digər dövlətlərin xarici siyasətində bir alət olan, 29 illik müstəqillik dövründə belə müstəqil siyasət yürütməyin nə olduğunu bilməyən Ermənistanın diplomatik potensial əldə etmək üçün ən azı növbəti 29 ilə ehtiyacı var".

Xəbər lenti
0