BAKI, 3 sentyabr — Sputnik. Yalnız VIP sərnişinlərə xidmət göstərən "Qatar Amiri Flight" aviaşirkətinə məxsus "Airbus A340" təyyarəsi Qətərin paytaxtı Dohadan Minskə uçub. Bu barədə "Voenniy obozrivatel" telegram kanalı "Flightradar24" servisinin məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, Yaxın Şərqdən həyata keçirilən reysin sərnişinlərinin bir hissəsi Minskdəki "Pekin" mehmanxanasında prezident nömrəsini və daha 20 otel nömrəsini bir həftəlik bron edib.
"Təsdiqlənməmiş məlumatlara görə, öz belaruslu həmkarı və onun rəhbərliyinin yanına yüksək rütbəli məmurlardan biri gəlib", - deyə məlumatda bildirilir.
Minsk hava limanı əməkdaşının "Instagram" hesabında paylaşdığı şəklə əsasən Belarusa "Airbus A340-300" tipli təyyarə enib. Belə bir modifikasiyaya məxsus təyyarə yalnız "Qatar Amiri Flight"-a məxsusdur və yalnız kral ailəsi və yüksək vəzifəli məmurlara xidmət edir.
Qeyd edək ki, Belarusda üç həftədən artıq müddətdir ki, avqustun 9-u Prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.