Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 1 sentyabr — Sputnik. Ötən həftə İtaliyanın "Politicamente Corretto", "L"Opinione", "Notizie Geopolitiche", "Sicurezza Internazionale", "Sardegnagol", "Kmetro0", "Giornale Diplomatico" kimi mətbuat orqanlarında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin "Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir" sərlövhəsi ilə dərc olunmuş məqaləsi İtaliya erməni icmasını "hiddətləndirib".
Azərbaycanın İtaliyadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İtaliyada yaşayan ermənilər "Roma Erməni İcması Şurası" adlı qurum adından Azərbaycan səfirinin məqaləsini dərc edən mətbuat orqanlarına etiraz məktubları ünvanlayaraq İtaliya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yayındırmağa hesablanmış sayıqlamalarla çıxış edib.
Bu xüsusda, erməni tərəfinin məktubunu dərc etmiş mətbuat orqanlarının ("Notizie Geopolitiche, "Giornale Diplomatico", "Politicamente Corretto", "Sardegnagol") redaksiyalarına Azərbaycanın İtaliyadakı səfirinin göndərdiyi cavab məktubu həmin KİV-lərin hər biri tərəfindən dərc olunub.
Məktubunda Azərbaycan səfiri, ilk öncə, həmin mətbuat orqanlarına regionumuzdakı proseslərə göstərdiyi diqqətə, habelə ötən həftə onun məqaləsini dərc etməklə italyan oxucularına bölgədəki vəziyyət haqqında mənzərənin aydın olmasına yaradılan şəraitə görə təşəkkür edib və yalnız bu yolla həqiqətin üzə çıxa biləcəyini söyləyib. Azərbaycan diplomatı onun məqaləsinə erməni tərəfinin "Roma Erməni İcması Şurası" adlı qurum vasitəsilə "cavab" vermək cəhdlərinə münasibətdə isə bildirib ki, bu qurumun Ermənistanın təcavüzkar mahiyyətini inkar etmək üçün heç bir arqument ortaya qoya bilməməsi və diqqəti Azərbaycana qarşı ucuz qarayaxma kampaniyasına yönəltməsi bir tərəfdən Ermənistanın təcavüzkar siyasətini ört-basdır etmək üçün uğursuz cəhdidirsə, digər tərəfdən də Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalan tərəf olmasının etirafıdır.
Diplomat həmin quruma Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqəti müstəqillik illərində Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəltməyi məsləhət görüb.
"Ermənistanın birinci prezidentinin rəhbərlik etdiyi dövr tarixdə Ermənistanın Azərbaycana hərbi təcavüzü, minlərlə insanın ölümü, müharibə cinayətləri, bəşəriyyət əleyhinə cinayətlər, bütün bölgəni çağdaş tarixin ən ağır siyasi, demoqrafik böhranlarından biri ilə üz-üzə qoyması ilə yadda qalıb. Sonradan bu vəziyyətin Ermənistanı dərin böhrana gətirib çıxardığını başa düşən və çıxış yolunu Azərbaycanla sülhün əldə edilməsində görən Ermənistanın birinci prezidenti hərbi-cinayətkar xunta tərəfindən devrilib. Azərbaycana qarşı hərbi təcavüz vaxtı əli mülki azərbaycanlıların qanına batmış Ermənistanın ikinci və üçüncü prezidentlərinin rəhbərlik etdikləri həmin hərbi-cinayətkar xunta isə 20 illik hakimiyyəti dövründə ölkəni bir dövlət kimi məhv olmaq təhlükəsinə sürükləyib. Belə bir acınacaqlı vəziyyətdə xalqın narazılığı və etirazlarından istifadə edərək hakimiyyəti qəsb etmiş hazırkı baş nazir isə ölkədə inqilabi diktatura yaradıb. Artıq heç kəsə sirr deyil ki, erməni xalqının demokratiya gözləntiləri tamamilə puç olub. Qısa müddət ərzində bütün siyasi opponentlərinə, məhkəmə instansiyalarına, mətbuata və qeyri-hökumət təşkilatlarına müharibə elan edən hazırkı baş nazirin adı müxtəlif maliyyə və iqtisadi maxinasiyaları və cinayətlərlə yadda qalıb. 12 iyul tarixində Ermənistanın Azərbaycana qarşı növbəti hərbi avantürası da İrəvan rejiminin elə bu acınacaqlı daxili siyasi vəziyyətdən diqqəti yayındırmaq məqsədi daşıyırdı", - deyə M.Əhmədzadə bildirib.
Azərbaycan diplomatı qeyd edib ki, əslində xaricdə yaşayan diasporun məqsədi öz vətəninin inkişafı və çiçəklənməsi olmalıdır, lakin erməni tərəfində isə bu, tamamilə əksinədir. "Bizim yerləşdiyimiz regiondakı prosesləri düzgün qiymətləndirə bilməyən xaricdəki erməni təşkilatları öz zərərli hərəkətləri ilə Ermənistanı şəxsi ambisiyalarının girovuna çeviriblər. Əgər həqiqətən də erməni diasporu erməni xalqının gələcəyini düşünürsə və Ermənistanı sabit, inkişaf etmiş və çiçəklənən ölkə kimi görmək istəyirsə, birinci növbədə Ermənistanı öz qonşuları ilə normal münasibətlər qurmağa çağırmalıdır. Çünki, heç bir daxili resurslara malik olmayan Ermənistanın gələcəyi bütün qonşuları, ilk növbədə isə Azərbaycanla normal münasibətlərdən keçir. Bunun üçün isə Ermənistan ilk olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrini çıxarmalıdır", - deyə M.Əhmədzadə vurğulayıb.
Diplomat məktubunu bu fikirlərlə tamamlayıb: "Erməni icması başa düşməlidir ki, aradabir Ermənistana maliyyə ianələri göndərmək heç də Ermənistanı sevmək deyil. Nə bu maliyyə ianələri, nə də Ermənistanın səhvlərini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla ört-basdır etmək Ermənistanın problemlərini həll etməyəcək. Ermənistanın bu gün yoxsul ölkə olaraq qalması və ağır siyasi, iqtisadi, sosial böhran içində boğulması birbaşa olaraq Azərbaycana qarşı hərbi təcavüzündən irəli gəlir. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistanda bu siyasət dəyişmədikcə bu ölkənin vəziyyəti daha da ağırlaşacaqdır".
Erməni tərəfinin məktubunu dərc etmiş "Giornale Diplomatico" qəzetinin redaksiyasının "Ermənistan və Azərbaycanın silahlı qarşıdurma və mətbuat səhifələrindən bir-birinə qarşı iddialar səsləndirmək əvəzinə danışıqlar masasına oturub problemin sülh yolu həllini tapmağa çağırışına" münasibətdə isə M.Əhmədzadə bildirib: "30 ilə yaxındır ki, Azərbaycan öz ərazilərinin 20 faizinin hərbi cəhətdən işğal olunmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə sadiq olub. Bizim danışıqlarda məqsədimiz münaqişənin həllinə nail olmaq üçün nəticələrə yönəlik substantiv danışıqlar aparmaqdır. Lakin Ermənistanın danışıqlarda məqsədi isə danışıqları uzatmaq və status kvonu saxlamaqdır. Redaksiyanın münaqişənin tezliklə həllinə çağırışını alqışlayırıq, lakin bu çağırış Azərbaycana yox, əraziləri işğal altında saxlayan tərəfə edilməlidir". Azərbaycan diplomatının "Giornale Diplomatico"da dərc olunmuş bu şərhi "Askanews", "Yahoo Notizie", "Yahoo Finanza" kimi KİV-lərin də marağına səbəb olub və onlar tərəfindən də yayılıb.