BAKI, 30 avqust — Sputnik. Koronavirus testləri müsbət nəticə verən Nigeriyadan olan miqrantlar Romadakı hərbi hospitaldan qaçarkən həkimlərə hücum ediblər.
Sputnik radiosu bildirir ki, bu barədə İtaliya Müdafiə Nazirliyinin Baş Qərargahına istinadən “360” telekanalı məlumat yayıb.
İki qadınla bir kişi əvvəlcə onları xəstəxanadan evə yazmağı tələb edib, həkimlər imtina etdikdən sonra özlərinə güclə yol açmağa çalışıblar. Pasiyentlərlə əlbəyaxada həm italyan həkimlər, həm də hərbçilər xəsarət alıblar. Münaqişəni hadisə yerinə gələn karabinerlər yoluna qoyublar. Bildirilir ki, yarım saat davam edən davada miqrantlar tək yumruqla döyüşməyib, həm də həkimlərlə hərbçiləri dişləyiblər.
Onlar hospitaldakı mebeli, çarpayıları, yazı masalarını aşırıblar.
Yerli KİV-in məlumatına görə, nigeriyalıların hiddətinə 16 yaşlı benqallının evə buraxılması səbəb olub. Onun koronavirus testi mənfi nəticəli olub, evə göndəriləndə isə nigeriyalılar yeniyətməni tutaraq onu qaçarkən özlərinə canlı sipər etməyə çalışıblar.
İnsident nəzarət olunmayan miqrasiya əleyhinə çıxış edən sağ mərkəzçi müxalifətin kəskin reaksiyasına səbəb olub. “Şimal liqası” partiyasının lideri Matteo Salvini bəyan edib ki, İtaliya hökuməti sadə vətəndaşları təhlükə altında qoyur.
Hökumət nümayəndələrini təhqir edərək döydüklərinə görə nigeriyalılara protokol tərtib edilib.