BAKI, 28 avqust – Sputnik. "Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.
"Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir", - məlumatda əlavə olunub.
Avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq 8 gündür heç bir məlumat yox idi. Belə ki, Ombudsmanın rəsmi internet resursu olan http://www.ombudsman.gov.az/az saytına nəzər yetirdikdə sonuncu informasiyanın avqustun 20-də yerləşdirildiyi məlum olurdu. Beləliklə, bir həftədən çoxdur ki, Müvəkkilin fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmirdi.
Qeyd edək ki, bu gün bəzi xəbər saytlarında ombudsmanın fəaliyyətini dondurduğu barədə məlumat yayılıb.
Xatırladaq ki, ombudsman Səbinə Əliyeva bir neçə gün öncə AMEA-nın Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən şəxslər arasında olub.