CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qərar verənlərimiz üçün "teorem isbatı": o parkları niyə açdınız?

© Sputnik / Irade JELILHirkan Milli Parkı
Hirkan Milli Parkı - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər bu gün karantin elan olunan şəhər və rayonlardan kənara çıxmaq qadağandırsa, kim gedə biləcək o milli parklara?"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 avqust — Sputnik. Azərbaycanda bir neçə gündür ki, milli parklar öz qapılarını ziyarətçilərin üzünə açsa da, əhali həmin milli parkları gedib görə, gəzə bilmir. Səbəb isə milli parklara gedən yolların bağlı olmasıdır. Bu günlərdə mətbuata açıqlama verən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aparılan yumşaldılma tədbirləri çərçivəsində avqustun 21-dən milli parkların qapıları ziyarətçilər üçün açılıb:

"Milli parklar əvvəlki rejimdə, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək. Turistlər karantin rejiminin tələblərinə əməl etməklə milli parkları ziyarət edə və qapalı məkanlar istisna olmaqla, açıq havada təbiətimizin gözəlliklərini seyr edə bilərlər. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir".

Xüsusən Bakıdan rayonlara çıxışın bağlı olması üzündən respublikada böyük pay təşkil edən paytaxt əhalisi milli parklara gedə, gəzə bilmir. 

Mamırlı şəlalə - Sputnik Azərbaycan
İnsanların karantin sıxıntısından qurtulmaq üçün üz tutduqları məkan - Mamırlı şəlalə
Qeyd edək ki, hazırda ölkəmizdə Akademik H.Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göygöl Milli Parkı, Samur-Yalama Milli Parkı, Qızılağac Milli Parkı var ki, onlardan yalnız biri Abşeron yarımadasında yerləşir. Bu baxımdan əhali digər sadaladığımız milli parkları gedib görə bilmir.

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, milli parkların, qoruqların fəaliyyətinə icazə verib həmin yerlərə gedən yolları bağlı saxlamaq absurd qərardır: "Gərək hər bir qərarda məntiq olsun. Milli parklar təbiət qoynudur. Açıq havada isə virusa yoluxmaq mümkün deyil. Bu gün Milli parklara girişi bərpa edib insanları o parklara aparan yolları bağlamaq çox ziddiyyətli qərardır.

Milli parklar ziyarətçi qəbul etsə də, oraya insanlar necə gedəcəklərini bilmirlər. Ona görə də Operativ Qərargah bu barədə qərar verəndə düşünməlidir. Əgər bu gün karantin elan olunan şəhər və rayonlardan kənara çıxmaq qadağandırsa, kim gedə biləcək o milli parklara? Təbii ki, çox məhdud sayda ziyarətçi. Ona görə də qadağanın birini götürüb o birini saxlayanda fikirləşmək lazımdır. Milli parklar insanların pandemiya dövründə istirahəti üçün ən təhlükəsiz yerlərdir".

Əlaqə saxladığımız Milli parklardan bildirdilər ki, pandemiya dövründə ziyarətçilər Milli parklara 5 nəfər olmaqla buraxılır. İnsanların belə məkanlara kütləvi girişinə icazə verilmədiyindən heç bir təhlükə də yaranmır.

Xəbər lenti
0