Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 27 avqust — Sputnik. "Züleyxa ilə dialoqlar" filmi "CineDOC"-Tbilisi Bəynəlxalq Sənədli Film Festivalının "Special Screening" adlı bölməsində nümayiş olunacaq. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən filmin rejissor və prodüseri Rəşid Ağamalıyev bildirir ki, 2019-cu ildə çəkilən "Züleyxa ilə dialoqlar" qısametrajlı sənədli filmi azərbaycanlı peşəkar pianoçu və şəfaçı Züleyxa Abdullayeva haqqındadır. Onun xəstəsi olmuş gənc rejissor Rəşid Ağamalıyev tamaşaçıları musiqi terapiyası sənətinə səmimi bir səyahətə dəvət edir.
"Azərbaycan ("Peri film"), Çexiya ("Oliel Company") və Gürcüstanın ("Chai Khana") birgə istehsalı olan, Praqada yerləşən Nəfis Sənətlər Akademiyasının Kino və televiziya fakültəsinin (FAMU) dəstəyi ilə çəkilən film azərbaycan, türk və ingilis dilindədir. 2020-ci ilin yanvarın 15-də, YARAT Müasir İncəsənət Mərkəzində "Zuleyxa ilə dialoqlar" sənədli filminin premyerası baş tutub"- deyə rejissor bildirib.
Rejissor filmin yaranma tarixindən danışıb: "2016-cı ildə başıma gələn hadisəyə əsaslanır. Ağır əməliyyatdan sonra Praqa xəstəxanasında (Çexiya Respublikası) ağır vəziyyətdə yatırdım, Züleyxa mənim üçün çaldı. Züleyxa Səlcuqda (Türkiyə) yaşadığından, bizim musiqi seansları onlayn rejimində keçirdi. Bu xəstəlikdən sağaldıqdan sonra, biz, nəhayət, Bakıda görüşdük və mən onunla çox uzun müsahibə götürməklə, Züleyxa xanımın iş üsulunu öyrənməyə çalışdım. Müsahibədən sonra, onun haqqında film çəkmək və öz təcrübəm haqqında düşünmək istədiyimi anladım".
Bu film vasitəsilə musiqi terapiyası haqqında daha çox öyrənmək və təcrübəni auditoriya ilə paylaşmaq mümkündür. Rejissor məsələyə elmdən daha çox, poetik yanaşıb, o, auditoriyanı musiqi terapiyası haqqında elmi faktlarla inandırmağa çalışmayıb. Filmdə əsas diqqət Züleyxa xanımın cəlbediciliyinə və yaratdığı musiqi atmosferinə, bu ab-havanın necə qəbul olunduğuna yönəlib.
R.Ağamalıyev fransız rejissorları Vinsent Munun və Stefan Talounun filmlərindən ilhamlandığını bildirib: "Vinsent Munun üslubu nəqli yanaşma ilə deyil, musiqinin özünün yaratdığı ab-hava ilə müəyyənləşir. Atmosferlə oyun filmin üslubunun çalınan musiqi ilə birləşməsi deməkdir. Bu, kino istehsalçısı (film) ilə ekrandan səslənən musiqinin vəhdət təşkil edib, bir tam yaratmasıdır. Stefan Talounun (SAZ Film) üslubunun təsiri isə musiqinin mənalandırılması və onun həyatımızdakı rolunun müəyyənləşdirilməsi, Züleyxa ilə mənim əhvalatımın təqdim edilməsində özünü büruzə verir".
Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karaka (Belarus), rəng üzrə mütəxəssis Yan Vlnas (Çex Respublikası), qrafik dizayneri Nəzrin Ağamalıyeva (Azərbaycan), layihə koordinatoru Durna Səfərovadır (Azərbaycan). Filmin çəkilişlərində Züleyxa Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Merih Cırıtlı (Türkiyə), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər.
Qeyd edək ki, 2013-cü ildə yaranan "CineDOC" Qafqazın ən böyük və nüfuzlu Bəynəlxalq Sənədli Film festivalıdır. Festival hər il Gürcüstanın paytaxtı Tbilisidə keçirilir.