BAKI, 27 avqust — Sputnik. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası quruma üzv olmaq istəyən namizədlərin üzvlük müraciətlərinə baxıb. Sputnik Azərbaycan-a Assosiasiyasdan verilən məlumata görə, İdarə Heyəti tərəfindən təşkil olunan görüşdə yeni namizədlərin iş fəaliyyəti, onların Azərbaycan turizm bazarında nüfuzu, şirkətlərin müştəri məmnunluğunun səviyyəsi müzakirə edilib və rəylər dinlənilib. Müzakirələr zamanı Assosiasiyanın əsas götürdüyü keyfiyyət meyarlarına cavab verən 27 turizm şirkəti quruma üzv qəbul edilib. Bununla da quruma üzv olan turizm şirkətlərinin sayı 77 olub.
Assosiasiyanın standartlarına cavab vermədiyi üçün 3 turizm şirkətinin üzvlüyü təmin olunmayıb. 5 şirkətin isə sənədlərinin və fəaliyyətinin daha sıx araşdırılmasına ehtiyac yarandığı üçün üzvlüyə qəbul olunması daha sonrakı seçimlərə saxlanılıb. Görüşdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev pandemiya dövründə turizm sektorunun ən çox ziyan gördüyünü, bu sahənin ağır günlər yaşadığını deyib. Aprel ayından etibarən turizm şirkətlərinin fəaliyyət göstərmədiyini qeyd edən sədr, hazırda qarşıda duran əsas məqsədin turizm bazarında aparıcı rol oynayan agentiklərin fəaliyyətinin bərpa edilməsi olduğunu bildirib.
Rüfət Hacıyev bu istiqamətdə çətinliklərin hələ də qalmasına baxmayaraq görülən işlərin nəticəsində bəzi müsbət addımların da atıldığını, dövlət tərəfindən müəyyən maliyyə dəstəyinin göstərildiyini, vergi və kredit güzəştlərinin edildiyini, bəzi istiqamətlər üzrə aviabilet satışlarının bərpa olunduğunu, eləcə də ATAA tərəfindən tirizm şirkətləri üçün metodiki göstərişlərdən ibarət xidmət prosedurunun yaradıldığını deyib. Rüfət Hacıyev turizm agentliklərinin fəaliyyətinin bərpası istiqamətində görülən işlərin davamı olaraq Dövlət Turizm Agentliyi və bir sıra özəl sektorun rəhbər şəxsləri ilə yeni görüşlərin keçiriləcəyini, turizm şirkətlərinin bu böhran vəziyyətindən çıxması üçün birgə təkliflər üzərində işləri davam etdirəcəklərini bildirib. Görüşdə pandemiya və post pandemiya dövründə Assosiasiyanın həyata keçirdiyi və görəcəyi işlərlə bağlı məlumat verilib, təkliflər dinlənilib.