BAKI, 25 avqust — Sputnik. "Azərbaycanda daş karxanaları ilə bağlı vətəndaşlardan şikayət daxil olur. Amma son illər Azərbaycanda daş karxanalarının sayı kəskin azalıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində “Ekspert saatı” verilişinin bugünkü qonağı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə söyləyib. O bildirib ki, daş karxanalar ilə bağlı araşdırmalar aparılır: "Əgər son üç illə müqayisəli götürsək 3 il əvvəl Azərbaycanda 800-dən artıq daş-çınqıl karxanası vardı. Son üç ildə onlardan 500-nin fəaliyyəti tələblərə əməl etmədikləri üçün dayandırılıb. Hazırda karxanaların sayı 300-ə düşüb. Bağlanan karxanaların ətraf mühitə vurduğu ziyanın həddi 30 milyon olub. Ondan 15 milyonu ödənilib. Digər məbləğin ödənilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edilib".
H.Əlizadə bildirib ki, yaxın gələcəkdə karxanaların fəaliyyətini dayandırması da mümkündür: "Yaxın gələcəkdə ola bilər ki, karxanalar öz fəaliyyətini dayandırsın. Süni materialdan olan tikinti materialları çıxdıqca mişar daşına olan tələbat azalacaq".
Xidmət rəisi qeyd edib ki, daş karxanaları fəaliyyətləri ilə mütləq mənada ətraf mühitə ziyan vurur. Amma bu gün onların fəaliyyətini dayandırmaq faciəyə səbəb ola bilər. O səbəbdən biz "qızıl orta" deyilən həddi tapdıq. Sənədləri olanların işləməsinə icazə verilib. Amma daş karxanaları müasir texnologiyalardan yararlanmalı, mümkün qədər ətrafa az toz və səs yayan avadanlıqlardan istifadə etməlidir".
Qeyd edək ki, izləyicilər canlı yayımda daş karxanalarının tozundan və səsindən ərazidə yaşaya bilmədiklərini, amma xidmətin əməkdaşlarının Nardaranda daş karxanasına baxış keçirərək səsin və tozun normaya uyğun olduğu barədə rəy verilib.