Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 24 avqust - Sputnik. Əl işləri ilə çoxlarını heyrətə salan 29 yaşlı Həbibullah Babayev Zaqatalada yaşayır. Yaşadığı həyətə daxil olduğun an sanki nağıllar aləminə düşürsən. Həmsöhbətimiz incəsənətin çox az rast gəlinən növlərindən olan mozaika və dağlama sənətini yaşadır. O, bu işləri lazımsız materiallardan hazırlayır: "Ali təhsilim yoxdur. Çox istəyərdim ki, rəssamlıq sənətinə yiyələnim. Lakin, maddi imkansızlıq üzündən bu istəyim hələlik elə arzu olaraq qalıb".
Müsahibimiz düşünür ki, rəssamlıq sənətinə yiyələnsə, bu sənəti daha da inkişaf etdirə bilər: "Mənə elə gəlir ki, heykəltaraşlıq sənətini, rəssamlığı bilən insan üçün bu işləri görmək daha rahat olar. Mən bu barədə əziyyət çəkirəm. Bəzi nüansları internetdən araşdırmışam. Öz işimdə onu tətbiq etməyə çalışıram".
İncəsənətə marağını irsi sayan həmsöhbətimiz uşaqlıqdan düzəltdiyi müxtəlif əşyalarla diqqət çəkib. Lazımsız maşın şinləri, mişar və qaya daşlarına ikinci həyat verən gənc sənətkar bu sənətin sirlərinə kimsənin köməyi olmadan, öz marağı nəticəsində yiyələnib: "Ən rahatı maşın şinləridir. Ən qəlizi isə qaya parçalarıdır. Onların üzərində günlərlə işləməli oluram. Həddindən artıq səbr və diqqət tələb edən işdir".
Düzəltdiyi əşyaları əsasən öz həyətində sərgiləyən gənc bu bacarığına qazanc yox, hobbi kimi baxır: "Bəzən deyirlər ki, "sat, saxlama". Amma sata bilmirəm. Çünki, onların analoqu yoxdur. Bəlkə onlardan bir neçə nüsxə olsa sata bilərəm. Amma hələ ki bu barədə düşünmürəm. Mən bunu satış üçün etmirəm, dincəlmək üçün edirəm. Gündəlik qayğılardan, işdən yorulanda bu sənətlə məşğul oluram, beynim dincəlir, ruhum təzələnir".
"Sərgilərdə iştirak etmisinizmi?" sualına gənc istedadın cavabı belə oldu: "Yox, iştirak etməmişəm. Əslində dəvət edən də olmayıb. Amma mənim işlərimin əksəriyyəti bu həyətdədir. Onların harasa daşınması qeyri-mümkündür. Açığı, özüm də bu vaxta qədər bu barədə düşünməmişəm. Özüm üçün hazırladığımdan o barədə düşünmək belə ağlıma gəlməyib".