Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bal tutan Bakının yollarına, paytaxt əhli saxta məhsula boylanır, nə vaxta qədər?

© Sputnik / Murad OrujovQusarda arı təsərrüfatı
Qusarda arı təsərrüfatı - Sputnik Azərbaycan
Abunə olmaq
"Balın qiyməti nə qədər də ucuzlaşsa, maya dəyərindən aşağı düşə biməz. Hələ ki arıçılar gözləyirlər. Amma məcburiyyətdən aşağı qiymətə satanları da var" - Bədrəddin Həsrətov

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. “Bal tutan barmaq yalayar” deyirlər. Amma bu il arıçılar istehsal etdikləri baldan nəinki xeyir götürüb, heç maya dəyərini belə çıxarda bilməyiblər. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, arıçılıq tənəzzülə uğramaq ərəfəsindədir.

B.Həsrətovun sözlərinə görə, pandemiya dövrü arıçılığa mənfi təsir göstərib. O deyir ki, bu il  Azərbaycanda istehsal olunan balı satmaq çətinləşib:

“Bu il 5 min tondan çox bal istehsal olunub.  Amma koronavirus pandemiyasına görə məhsulun bazara çıxarılmasında çətinliklər var. Balın əsas satış bazarı Bakıdır. Pandemiyaya görə arıçılar paytaxta gəlməkdə çətinlik çəkirlər. Əvvəlki illərdə bölgələrə istirahətə gedən insanlar, eləcə də turistlər oradan bal alırdılar. Bu il pandemiyaya görə rayonlara gediş-gəliş məhdudlaşdırıldığından arıçılar ballarını sata bilmirlər”.

B.Həsrətovun sözlərinə görə, ölkəmizdə bal satışına zərbə vuran daha bir amil xaricdən ucuz balın gətirilməsidir: “Çox təəssüf ki, Azərbaycanda daxili bazar qorunmur. Xaricdən gətirilən saxta balın həcmi əhəmiyyətli dərəcədə artıb. Dəfələrlə təklif etmişik ki, bal idxalı məhdudlaşdırılsın. Məsələn, Türkiyə bal idxalını məhdudlaşdırıb. Xorvatiya və İsrail də daha bal idxal eləmir. Beləcə daxili bazar qorunur. Amma bu gün Azərbaycan bazarı İran, Rusiya və Ukrayna balı ilə doludur”.

Assossiasiya sədri elə bu səbəbdən də daxili bazarda saxta balın artığını söyləyir: “Əvvəllər saxta məhsullar daxili bazarın 10-15%-ni tuturdusa, indi bu göstərici 30-40%-ə çatıb. Saxta balın kiloqramı 3 manata təklif olunur. Bu da qeyri-sağlam rəqabət mühiti yaradır”.

© Sputnik / Zulfiyya GuluyevaBal təsərrüfatı
Bal tutan Bakının yollarına, paytaxt əhli saxta məhsula boylanır, nə vaxta qədər? - Sputnik Azərbaycan
Bal təsərrüfatı

B.Həsrətov yaranmış vəziyyətin arıçılığı məhvə sürüklədiyini bildirir. Onun sözlərinə görə, nəticədə arıçıların sayı azalır: “Əvvəlki illərlə müqayisədə Azərbaycanda arı ailəsinin sayı artıb. Azərbaycanda 500 mindən çox arı ailəsi var. Şəki-Zaqatala və cənub bölgəsində, eləcə də Gədəbəy-Daşkəsəndə arıçılıq inkişaf edib. Səbəb bu sahənin inkişafına dövlət dəstəyidir. Artıq üç ildir ki, arıçılarımız dövlətdən subsidiya alırlar. Hər il arıçılar ailəsinə 5 milyon manat daxil olur. 2023-cü ilədək hər arı ailəsinə 10 manat verilməsi davam edəcək. Bu, böyük dəstəkdir. Çox təəssüf ki, pandemiya və daxili bazarın qorunmaması arıçılığı tənəzzülə doğru aparır”.

Həmsöhbətimiz deyir ki, arıçılığın tənəzzülə uğraması ümumi təbiət üçün mənfi fəsadlar yarada bilər:

“Arıçılıq strateji sahədir. Arı bitkilərin tozlanma prosesində iştirak edir. Bu il arçılığın tənəzzülə uğraması tozlanmanın, nəticədə məhsullarda məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarda bilər. Buna isə yol vermək olmaz. Bütün dünyada arıçılıq sahəsini tozlanmaya fayda verdiyinə görə qorumağa çalışırlar. Hətta inkişaf etmiş ölkələrdə bağları tozlandırmaq üçün hər arı ailəsinə vəsait ayrırlar". 

B.Həsrətov pandemiya dövrünün arıçılığa vurduğu zərbənin balın qiymətinə də təsirsiz ötüşmədiyini deyir. Onun sözlərinə görə, belə davam edərsə, balın qiyməti daha da aşağı düşə bilər: “Bəzən bizdə deyirlər ki, yerli bal bahadır. Amma balın bir kilosunun maya dəyəri 12-15 manat arasıdır. Balın qiyməti nə qədər də ucuzlaşsa, maya dəyərindən aşağı düşə biməz. Hələ ki arıçılar gözləyirlər. Amma məcburiyyətdən aşağı qiymətə satanları da var”.

“Şəfa balı” brendinin yaradıcısı, arıçı Osman Kazımov da bal tutub, barmaq yalamayanlardandır. O deyir ki, bu il istehsal etdikləri 3 ton balın hələ ki 500 kiloqramını sata biliblər: “Pandemiya dövründə insanların bal almağa gücü çatmır. Əsas səbəb budur. İkinci səbəb isə biz arıçıların bazarı olan Bakıya yolların bağlı olmasıdır. Digər səbəb də odur ki, əksər insanların bala güvəni yoxdur. Saxta balı təmiz baldan seçə bilmirlər. Laboratoriyada isə balın testi bahadır. İnsanlar 1 kq balı test etmək üçün 30 manat ödəməlidirlər. Düzdür, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bizə öz məhsulumuzu satmağa icazə verilir. Biz həm də arıları gəzdiririk. Mayda arana aparırıq, iyunda dağa. Amma bu il bölgələrə gələn də azdır. Ona görə arıçıların istehsal etdikləri bal, demək olar ki, əllərində qalıb”.

© Sputnik / Zulfiyya GuluyevaBal təsərrüfatı
Bal tutan Bakının yollarına, paytaxt əhli saxta məhsula boylanır, nə vaxta qədər? - Sputnik Azərbaycan
Bal təsərrüfatı

Osman Kazımov bildirir ki, hazırda balın satış qiyməti bir kiloqramına görə 25 manatdır. Amma alış 20 kq-dan artıq olanda 20 manata da satırlar. Həmsöhbətimiz deyir ki, təmiz balı 25-20 manatdan aşağı satmaq heç bir arıçıya sərf etmir. O ki qaldı qiyməti 50 manata qədər olan ballara, O.Kazımov bunun arıçının çox qazanmaq niyyətindən xəbər verdiyini söyləyir: “Balın qiyməti 30 manat ola bilər. Kimsə 50 manata satırsa, deməli, ya onun balı çox azdır, yaxud da çox qazanmaq istəyir”.

Arıcılar xaricə bal satmaq üçün isə sertifikat tələb olunduğunu söyləyirlər:

“Xaricə bal aparmaq üçün şirkətin olmalıdər, həm də balın sertifikatı tələb olunur. Bundan əlavə, xarici ölkələrdə iri mollarda stendlər qurulmalıdır. Bu, arıçılar üçün çətindir. Odur ki, ümid yerli bazara qalıb”.

Qeyd edək ki, hər il arıçılar üçün Bakıda bal satışı yarmarkası təşkil olunur. Arıçı O.Kazımov deyir ki, o və digər arıçılar ümidlərini sentyabrda keçiriləcək bal yarmarkasına bağlayıblar. Pandemiya dövründə bal yarmarkasının keçirilib-keçirilməyəcəyi isə hələ sual altındadır...

Xəbər lenti
0