BAKI, 22 avqust - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova “O səs Türkiyə” layihəsinin qalibi Elnur Hüseynovla duet ifa edib.
Sputnik Azərbaycan bildirir ki, çoxillik dostluqlarını müğənnilər "Dəniz ver” mahnısı ilə möhkəmlətmək qərarına gəliblər.
Mahnının müəllifi Erkin Osmanlıdır. Mahnının təqdimatı üçün müğənnilər Toğrul Qəmbərova foto da çəkdiriblər.
İlqarə ilə Elnur ilk duetlərinin pərəstişkarları tərəfindən yaxşı qarşılanacağı arzusundadırlar.
İlqarə Kazımova uşaqlıqdan oxuyur. Tez-tez anasının solo konsertlərində çıxış edib. “Avroviziya”nın milli seçim turunda iştirak edib. O, tez-tez yaradıcılığında eksperiment edir, müxtəlif dillərdə oxuyur.
Elnur Hüseynov Azərbaycanı “Avroviziya” yarışında iki dəfə təmsil edən yeganə ifaçıdır. 2008-ci ildə həmkarı Samir Cavadzadə ilə çıxış edərək müsabiqədə 8-ci, 2015-ci ildə isə 12-ci yeri tutmuşdu. O, həmçinin “O səs Türkiyə” yarışında qalib gələn yeganə azərbaycanlıdır. Hazırda Türkiyədə solo karyerası ilə məşğuldur.