CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident "ASAN müraciət" informasiya sisteminin yaradılması haqda Sərəncam imzaladı

© Official website of President of Azerbaijan RepublicASAN Xidmətin binası
ASAN Xidmətin binası  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN müraciət" informasiya sisteminin operatorunu müəyyən edəcək.

BAKI, 21 avqust — Sputnik. Dövlət başçısı İlham Əliyev "ASAN müraciət" informasiya sisteminin yaradılması haqda Sərəncam imzalayıb. Sputnik Azərbaycan Sərəncamın tam mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İctimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən "ASAN müraciət" informasiya sistemi yaradılsın.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN müraciət" informasiya sisteminin operatoru müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

3.1. "ASAN müraciət" informasiya sistemini və onun mobil tətbiqini formalaşdırsın;

3.2. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, "ASAN müraciət" informasiya sisteminin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əlaqələndirilməsini, habelə yerli icra hakimiyyəti orqanlarının "ASAN müraciət" informasiya sisteminə çıxışını təmin etsin.

4. Dövlət orqanları (qurumları) "ASAN müraciət" informasiya sistemi vasitəsilə daxil olmuş şikayətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılmanı təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. "ASAN müraciət" informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

5.2. "ASAN müraciət" informasiya sisteminin formalaşdırılması, aparılması və saxlanması xərclərinin maliyyələşdirilməsi məsələlərinin həll edilməsi üçün müvafiq tədbirlər görsün;

5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2020-ci il.

Xəbər lenti
0