BAKI, 20 avqust — Sputnik. Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodunun istehsalat tullantılarının Qobuqırağı kəndinin ərazisindən keçən çaya atıldığı ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zavodda əmələ gələn istehsalat tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və çaya atıldığı faktı təsdiqini tapıb.
Faktla bağlı akt və protokol tərtib olunaraq zavodun direktoru Rüstəm Rüstəmovun İnzibati Xətalar Məcəlləsinin 264.0.1 maddəsinə əsasən hüquqi şəxs qismində 7500 manatdan 10000 manatadək cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib.
"Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə zavoda məcburi göstəriş verilib".