BAKI, 20 avqust — Sputnik. "MİDA 10 sentyabr 2020-ci il tarixində yenidən mənzillərin onlayn satışını elan edib. Bu məqsədlə "Güzəştli mənzil" elektron sisteminin demo versiyasını (sınaq versiyasını) istifadəyə verib. Demo versiya 09 sentyabr 2020-ci il tarixi saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün bəlli vaxtlarda yenilənərək sıfırlanacaq".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz danışıb.
O qeyd edib ki, uduş şansını yüksəltmək üçün aşağıdakılar tövsiyə olunur :
1. Kompüterdən və internetdən sürətli istifadə bacarığının olması əhəmiyyət kəsb edir
2. Normal, dayanıqlı internet və işlək vəziyyətdə olan kompüter tövsiyə olunur. İnternetin yüksək sürətdə olması ciddi əhəmiyyət kəsb etmir, sadəcə kəsilməz olmalıdır.
3. Demo versiyada daha çox test etmək tövsiyyə olunur.
4. Satışdan bir neçə saat əvvəl "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sisteminə daxil olmaq (Elektron İmza və ASAN imza qaydasında olmalıdır)
5. CAPTCHA-da simvolları daha sürətli daxil etməyə hazır olmaq. Digər istifadəçinin də köməyindən istifadə etmək olar
6. Uduş əldə edənlərlə əlaqə saxlayıb kompüterdə işləyərkən istifadə etdikləri metodları nəzərdən keçirmək də faydalı ola bilərdi.
7. Demoda seçim edənlərin öz seçim proseslərinin videosunu çəkib digərləri ilə müqayisə etməsi də faydalı olardı
O.Gündüz həmçinin bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu indiyədək cəmi 213 mənzili kirayə verə bilib.
"Təəssüf ki, bu dövlət layihəsi haqqında ətraflı bilgi əldə etmək mümkün deyil. Açıqlamalar verilmir. Xatrılayıram ki, layihənin start verildiyi ilkin dövrlərdə müraciətlər, maraqlananlar hədsiz çox idi.
Hətta müraciətlərin çox olması səbəbindən böyük vəsaitlər hesabına hazırlanan Kirayə Mənzil Elektron sistemi də iki dəfə çökmüşdü və uzun müddət sistemi işə salmaq mümkün olmamışdı.
ASAN-ın köməyi ilə elektron sistem işə salınandan sonra, bildiyim qədər, ötən bir il müddətində indiyədək cəmi-cümlətanı 213 mənzil rəsmiləşdirilib.
Evini götür, get - Azərbaycanda indi bu da mümkündür>>
Təklif edilən mənzillərin sayının isə rəsmiləşdiriləndən çox olduğu elan edilmişdi.
Xatırlayıram ki, sistem işə düşəndən etibarən ən azı 6-7 min vətəndaşın elektron müraciət üçün qeydiyyatdan keçdiyi də bildirilirdi", - deyə ekspert əlavə edib.
Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanət Fondunun dövlətin bu əhəmiyyətli layihəsinə kommersiya baxımından yanaşması sonda bu layihəyə olan marağı sıfra endirib: "Maraqlandığım xeyli insan artıq hədsiz baha olması ucbatından Fondun təklif etdiyi mənzillərdən imtina edib.
Ekspertlərin hesablamalarına görə, Fondun təklif etdiyi şərtlərlə mənzilin bir kvadratmetri üçün nəzərdə tutulan qiymət Bakı və Sumqayıt üzrə bazar qiymətlərindən xeyli baha başa gəlir. Kirayə verilən mənzillərin qiyməti bazar qiyməti ilə müqayisədə əhəmiyyətli dərəcədə baha olduğundan artıq bu layihə öz sosial əhəmiyyətini itirmiş kimi görünür. Ümid edirəm, Fond rəhbərliyi Prezidentin fərmanı ilə reallaşan bu dövlət layihəsinə biznes yanaşmasına yenidən baxacaq, ilkin və aylıq ödənişləri əlçatan etməklə ehtiyacı olanların mənzil əldə etməsinə imkan yaradacaq".