BAKI, 19 avqust — Sputnik. Koronavirusun yaratdığı fəsadlar avtomobil idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bir çox sürücülər sağaldıqdan sonra nə zaman sükan arxasına keçəcəklərini bilmirlər. Bu barədə koronavirus üzrə mütəxəssis, həkim-terapevt Aleksandra Martınova danışıb.
Onun sözlərinə görə, koronavirus koqnitiv funksiyalara, beyin qan dövranının kəskin pozulmasına və ya tənəffüs orqanlarının problemlərinə səbəb ola bilər. Nəfəs çatışmazlığı və nəfəsalma çətinliyi avtomobili idarə etməyi çətinləşdirə bilər.
Amma bununla bağlı heç bir statistika yoxdur.
"Koronavirusa yoluxmuş bir sürücü maşınına əyləşənədək maska və əlcək taxsa da, infeksiyanı başqasına ötürə bilər. O, yol boyu digər insanlarla görüşə bilər. Bununla bağlı "Rospotrebnadzor" tövsiyə və tələblər irəli sürüb. Koronavirusa yoluxmuş xəstələr ən azı iki həftə karantində qalmalı və iki dəfə analiz edilməlidirlər. Əgər xəstəlik aşkarlanmasa, karantindən çıxıb sükan arxasına keçə bilərlər", - deyə həkim vurğulayıb.
Həkimin sözlərinə görə, koronavirusa yoluxmuş şəxslər dərhal aktiv həyat tərzinə qayıtmamalıdırlar. Onlar öz sağlamlıqlarına bir neçə ay diqqət yetirməlidirlər. Çünki koronavirusun həddən artıq çox yan təsiri var.
Bir müddət əvvəl isə immunoloq Nikolay Kryuçkov bildirmişdi ki, xəstənin bədənində olan anticisimdən asılı olaraq, sağaldıqdan 2-4 ay sonra yenidən koronavirusa yoluxmaq mümkündür.