BAKI, 19 avqust — Sputnik. İsrailli alimlər dəqiqliyi 96 faizdən çox olan yeni koronavirus testini sınaqdan keçiriblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, yeni testin vasitəsilə 250 nəfərdən analiz götürülüb.
Bir testin qiyməti bir şekeldən, yəni 50 qəpikdən çox deyil.
Analiz üçün insanın tüpürcək nümunəsi tələb olunur. Ağızın duz məhlulu ilə yaxalanmasından sonra götürülən tüpürcək nümunəsi sınaq borusunda işıq saçan qurğunun köməyi ilə analiz edilir. Bu işıq insanın COVID-19-a yoluxmuş olub-olmadığını aşkar edir. Cihaz digər virusları da müəyyən edə bilər.
Bundan başqa, İsrail səhiyyəsi 30-40 saniyə ərzində COVID-19-un aşkarlanması texnologiyasını və xüsusi avadanlıq olmadan evdə 20 dəqiqə ərzində cavab almağa imkan verən proqramı təqdim edib.