BAKI, 19 avqust — Sputnik. "Ermənistan Silahlı Qüvvələri Tavuşdakı "uğurlu hərəkətlərini" Naxçıvan istiqamətində də təkrarlamalı idi".
Sputnik Ermənistan xəbər verib ki, belə bir sərsəm bəyanatı Ermənistanın sabiq prezidenti Serj Sarqsyan çərşənbə günü keçirilmiş mətbuat konfransında verib.
"Dördgünlük Aprel müharibəsini Tavuşdakı (Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd bölgəsi - red.) hadisələrlə müqayisə etmək olmaz. Əlbəttə ki, Tavuşda silahlı qüvvələrimiz özlərini ən yaxşı tərəfdən göstərdi və son dərəcə vacib bir məsələni həll etdi. Bunu qiymətləndirmək və silahlı qüvvələrimizi təbrik etmək lazımdır. Ancaq eyni şeyi 2018-ci ilin may-iyun aylarında Naxçıvan istiqamətində də etmək lazım idi. Bu zərurət idi ", - Sarqsyan bildirib.
Qeyd edək ki, iyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirləri ilə onlar itki verərək geri oturdulublar.
Ermənilərin hücumunu dəf edərkən Azərbaycan silahlı qüvvələrinin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.
İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.
Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.
İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.
Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.