Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 avqust — Sputnik. Bu gündən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib. Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.
Sputnik Azərbaycan-ın məlumatına görə, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qeydiyyatla bağlı yaranın suallardan biri şagirdlərin yaş həddidir. Bu il 5 yaşı olan uşaqlar məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçməsələr, növbəti ildə onların yaşı məktəbəhazırlıq keçməsinə imkan verəcəkmi?
Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar. 2015-ci ildə anadan olmuş uşaqlar bu il məktəbəhazırlıq qruplarına yazılmasalar, onlar təkrar məktəbəhazırlığa yox, 1-ci sinfə qəbul olacaqlar.