BAKI, 18 avqust — Sputnik. Avqustun 18-də saat 14 radələrində rayon ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Abşeron rayon Prokurorluğuna məlumat daxil olub.
Sputnik Azərbaycan Abşeron Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün saat 13 radələrində 1992-ci il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu "Diadem" MMC tərəfindən rayonun "Stansiya Sumqayıt" adlı yaşayış massivində inşa olunan hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində suvaq işləri görərkən yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, o cümlədən zəruri ekspertizalar təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.