İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 16 avqust — Sputnik. Xüsusi peşələr var ki, onlarla məşğul olanlar polis tərəfindən nəzarətdə olurlar. Bu peşənin sahblərinə hətta cinayətkarlar da həsədlə baxırlar. Hər iki qütbün daim diqqət mərkəzində olan bu insanlar qarşıları heç bir bağlı qapı ilə kəsilməyən açar ustalarıdı. Onların ideal oğrulara xas qabliyyətləri çox olsa da müsahibim olan Abdulla Bayramov bcarığını yalnız xeyir işlərə sərf edir. Qazax şəhərində yaşayan açar ustası 30 ilə yaxındır açarların bərpası, bağlı qapıların açılması, zədələnmiş kilidlərin təmiri ilə məşğul olur. Təsadüf nəticəsində bu sahəyə gələn A. Bayramov öz təxəyyülü sayəsində öyrəndiyi sahədə respublikanın ən tanınmış sənətkarlarndan birinə çevrilib. Sənəti ilə yanaşı qazandığı etibar isə bir çox açarsız qapıları da üzünə açıb. Bu səbəbdən Tovuz, Qazax, Ağstafa rayonlarında yerləşən bütün banklarda zədələnmiş kilidləri, bağlı qalmış seyflərin açılması yalnız ona etibar edilir. Bu sənətin uzun ömürlülüyünün gözütoxluqda olduğunu deyən açar ustası uzun illər sınağa çəkildikdən sonra etibar qazandığını söyləyir:
“Hələ o dövrlərdə kameralar yox idi. Açıq seyflərlə dolu olan otaqda təkbaşına buraxırdılar. Seyflərin içində pul saxlayırdılar ki, görək götürəcəkmi. Fərqli tərəflərdən bərkə- boşa salandan sonra qənaətə gəldilər ki, etibar etmək olar. Bu səbəbdən bölgədə olan bütün banklar ancaq mənlə əməkdaşlıq edirlər” – deyr açar ustası.
Abdulla usta ilə söhbət zamanı məlum oldu ki, iş təcrübəsi ərzində ona həqiqi müştərilərlə yanaşı başqa məqsədlə də sifariş vermək istəyənlər olub. Lakin o heç vaxt rəsmi çəkilmiş, plastilin üzərinə hopdurulmuş açarları təmir etməyib. Hətta dəfələrlə artıq pul təklif edilsə belə bu işləri görməyib. Bağlı qalan evlərin, avtomobillərin qapılarının açılmasında isə sahibinin iştirakı olmadan etmədiyini danışan A.Bayramov bu işdən heç vaxt yorulmadığını deyir:
“Bütün açarlar eyni olsa bəlkə bezərdim. Amma müxtəlif açarlar, fərqli kilidlər gəlir. Bir də görüsən təmir üçün 30 illik təcrübəmdə rast gəlmədiyim kilid gətirirlər. Onların heç birini geri qaytarmıram. İnternetdən axtarış verib başqalarının təcrübəsindən yararlanıram. Bu günə kimi heç bir kilidi aşılmamış buraxmamşam”- deyə açar ustası işi haqda məlumat verir.
71 yaşı olmasına baxmayaraq A.Bayramov bu gün də gənclik həvəsilə çalışır. O, hər bir bağlı qalmış evin, yaxud avtomobilin qapısını açmağından xüsusi zövq alır. Çox vaxt sevindirdiyi insanların sevincindən pay almağı pul almaqdan daha üstün tutduğunu söyləyir.