Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 16 avqust – Sputnik. İyul ayının 13-dən 14-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhəddində törətdiyi təxibat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev artıq sağlamlığına qovuşub. Üstəlik, onun yaşadığı ata evi də dövlət vəsaiti hesabına əsaslı şəkildə təmir edilib.
Nurlan Quliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada hərbi hospitalda həkimlərin səyi nəticəsində sağaldığını, əməliyyatlardan sonra yeriyə bildiyini deyib.
“Nə vaxt lazım olsa, döyüşə getməyə, canımızdan-qanımızdan keçməyə hazırıq. Bütün yaralananlar kimi mən də tam sağalıb ordu sıralarına qayıtmaq istəyirəm. Vətənə qulluq etmək üçün yenidən ordu sıralarına qayıtmaq lazımdır. Torpaq bizim qeyrətimiz-namusumuzdur. Hər bir azərbaycanlı kimi mən də torpaq uğrunda canımdan keçməyə hazıram”, - deyə Nurlan Quliyev bildirib.
Qeyd edək ki, Nurlanın müalicə aldığı müddətdə ailəsinə baş çəkən rayon rəsmiləri evlərinin əsaslı təmirə ehtiyacı olduğunu görüblər. Nəticədə qazinin Masallının Sığıncaq kəndindəki doğulub boya-başa çatdığı ev əsaslı təmir olunub.
Nurlan bildirib ki, ailələri aztəminatlı olduğundan və çətinliklə dolandığından, evləri də təmirsiz olub. O yaralanandan sonra rayon rəsmiləri qazinin evinin pis vəziyyətdə olduğunu görüb, onu təmir etdirməyə qərar veriblər. Nurlan evin təmir olunmuş halını bəyənib və bunun üçün əməyi keçən hər kəsə minnətdardır. Bu hadisə onda inam yaradıb ki, əgər bir gün o olmasa, dövlət valideynlərinə arxa-dayaq olacaq.
Nurlanın əmisi Xalid Quliyev isə qeyd edib ki, qardaşının evinin ciddi təmirə ehtiyacı olub.
“Qardaşım günəmuzd fəhlə işləyir, ailəsi çox kasıb yaşayır. Sağ olsunlar ki, Nurlan yarandıqdan sonra rayon rəsmiləri gəlib onun yaşayış şəraiti ilə maraqlandılar və evin təmirə ehtiyacı olduğunu görüb, bu işi öz öhdələrinə götürdülər”, - deyən X.Quliyev bildirib ki, evin dam örtüyü yenilənib, əvvəllər pəncərəsi olmayan bu evə yeni pəncərələr qoyulub. Fasadında hörgü və suvaq işləri aparılıb. Yeni sanitar qovşağı tikilib, hamam təmir mərhələsindədir. Evə yeni qapılar qoyulub, tavan və döşəməsi yenilənib. Bundan əlavə evə yeni mətbəx mebeli və avadanlığı quraşdırılıb, televizor alınıb. Hətta həyətdə su quyusu da qazılıb.
Qeyd edək ki, Masallı rayon icra hakimiyyəti, YAP Masallı rayon Təşkilatı və millət vəkili Məşhur Məmmədov Nurlan Quliyevin yaşadığı evin bütün təmir xərclərini öz üzərlərinə götürüblər.