BAKI, 16 avqust — Sputnik. Sasseks hersoginyası, Şahzadə Harrinin xanımı Meqan Markl yenidən filmə çəkiləcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə The Daily Mirror yazır.
Qeyd olunur ki, ilk filminə görə Meqan 50 milyon dollar qonorar ala bilər. Bu pulu cütlük Santa-Barbarada təxminən 9.5 milyona ipoteka ilə götürdüyü malikanəyə sərf edə bilər.
Nəşrin yazdığına görə, Santa-Barbaradakı evi şahzadə məhz Hollivuda yaxın olduğu üçün alıb. Bildirilir ki, bir çox rejissor Meqanla işləməyə can atır.
Qeyd edək ki, bu ilin əvvəlində Şahzadə Harri və xanımı Meqan Markl kraliyyət ailəsindən ayrılaraq müstəqil həyat sürməyə qərar veriblər. Kraliça II Elizabet qərardan kədərlənsə də onlara ciddi əngəl yaratmayıb.
Bundan bir qədər sonra sosial şəbəkədə Şahzadə Harrinin "Disney" şirkətinin rəhbəri Bob Aygerlə söhbəti yayılıb. "Daily Mail"in yazdığına görə, Şahzadə Harri xanımı Meqan Marklın cizgi filmlərini səsləndirə biləcəyini deyərək, Aygerdən onu işlə təmin etməsini istəyib.
Əslində hadisə 2019-cu ilin iyulunda baş verib. "Kral Şir" cizgi filminin premyerası zamanı qırmızı xalıda B.Aygerə yaxınlaşan hersoq ona M.Marklın filmlərin səsləndirilməsində iştirak etdiyini bildirib. Ayger isə bu barədə məlumatının olmadığını deyib, amma əməkdaşlığa şad olacaqlarını dilə gətirib.