BAKI, 15 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko respublikaya qarşı "təcavüz" baş verdiyini bildirib. O deyib ki, bu vəziyyətin inkişafı "artıq yalnız Belarus üçün" təhdid doğurmur.
"Biz dərinlikdə nə baş verdiyini görürük. Biz bunu çox yaxşı görürük", - Belarus prezidenti deyib.
O bildirib ki, "artıq xarici müdaxilənin elementləri ortaya çıxıb."
Prezident həmçinin qeyd edib ki, "Belarusun müdafiəsi" indi bütün İttifaq Dövlətinin müdafiəsidir və "belaruslular tab gətirməsə dalğa yayılacaq".
Dövlət başçısının dediyinə görə, küçələrdəki etirazçılar "nə etdiklərini bilmirlər" və işlərin real vəziyyətini onları "əlaqələndirən və istiqamətləndirən" şəxslər başa düşürlər. O, sosial şəbəkələrdə səhnələşdirilmiş kadrlardan və feyklərdən istifadə edildiyini vurğulayıb.
"Sən demə mənim artıq Moskvada hansısa evimi tapıblar. İndi açıq şəkildə demək istəyirəm: tapmısınız, götürün. Mənim Belarusda heç bir mülkiyyətim yoxdur, kənddə yaşadığım rəsmi iqamətgahdan başqa. Sən demə mən artıq srağagün ölkədən getmişəm, sən demə gah mən ölmüşəm, gah da xəstələnmişəm."
Avqustun 9-da respublikada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80,1 faizini, Svetlana Tixanovskaya isə 10,12 faizini toplayıb. Müxalifət bu nəticələri qəbul etməyib, Tixanovskaya isə Litvaya köçüb. Ölkədə altıncı gün icazəsiz etiraz aksiyaları keçirilir.