BAKI, 14 avqust — Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən 66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.
Həmçinin, müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və "Bir" tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər.