BAKI, 14 avqust — Sputnik, Natalya Dembinskaya. Yarım il ərzində ABŞ Rusiyadan 9 milyon tondan artıq neft məhsulu alıb — bu, 2004-cü ildən bəri rekord göstəricidir. Eyni zamanda, Vaşinqton Avropanın Rusiyanın enerji resurslarından asılılığının güclənməsinə imkan verməmək üçün "Şimal Axını 2" layihəsini hər vəchlə dayandırmağa çalışır. Bəs niyə amerikalılar özləri Rusiyanın enerji resurslarını alırlar? Cavabı RİA Novosti-də.
Rekord ixrac
Rusiya yanvar-iyul aylarında ABŞ-a neft məhsullarının satışından 2,2 milyard dollar qazanıb – bunlar Federal Gömrük Xidmətinin məlumatlarıdır. Okeanın o tayına 7,46 milyon tondan çox neft məhsulu göndərilib ki, bu da ümumi ixracın 12 faizidir. Hamıdan çox Niderland alıb – 12,19 milyon ton, amerikalılar ikinci yerdədirlər, üçüncü isə 4,4 milyon ton ilə Maltadır.
Özü də Niderland və Malta tranzit hablarıdır – oradan neft məhsulları başqa ölkələrə göndərilir. Yəni ABŞ-a faktiki ixrac daha da yüksək ola bilər, çünki Federal Gömrük Xidməti bu cür tədarükləri nəzərə almır.
Həqiqətən də ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ilin ilk beş ayında Rusiya neftinin Amerika tərəfindən idxalı 68 milyon barelə və ya 9,3 milyon tona çatıb. Bu, Federal Gömrük Xidmətinin altı ay üçün olan rəqəmlərindən çoxdur, çünki EIA göndərən ölkəni deyil, istehsalçını qeyd edir.
Bundan başqa, iyulda amerikalılar Rusiya mazutunun tədarükünü artırıblar — iyuna nisbətən 16 faiz çox.
Əvəz etmək üçün heç nə yoxdur
Məsələ bundadır ki, ABŞ özünü Venesuelanın ağır neftindən məhrum edib. Bir sıra neft emalı müəssisələrinin texnologiyası isə yalnız Perm hövzəsindən və Qərbi Texasdan gələn yüngül neftdən istifadə etməyə imkan vermir. Onu Venesueladan alınan ağır neftlə qarışdırmaq lazımdır. Lakin Trampın Venesuelanın PVSDA dövlət şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra Amerikanın neft emalı zavodlarında xammalla bağlı ciddi problemlər yaranıb.
"Citgo Petroleum", "Valero Energy", "Chevron" da daxil olmaqla Meksika körfəzi və şərq sahillərinin zavodları ən çətin vəziyyətə düşüb.
Səudiyyə Ərəbistanının kimyəvi tərkibcə yaxın olan nefti alternativ ola bilərdi, lakin səudiyyəlilər hasilatı artırmaqdan imtina ediblər. Nəticədə iqtisadiyyat siyasəti sıxışdırıb – ABŞ Rusiyaya müraciət etmək məcburiyyətində qalıb.
"Vaşinqton "Qazprom"un "Şimal Axını 2" kəmərinin tikintisinin başa çatdırmasına imkan verməmək üçün əlindən gələni edir. Lakin bu, iqtisadi maraqların üst-üstə düşməsi halında əməkdaşlığa mane olmur", - "Alpari" İnformasiya-Analitik Mərkəzinin rəhbəri Aleksandr Razuvayev qeyd edib.
"Dünyada baş verən son geosiyasi hadisələr neft bazarını Rusiyanın xeyrinə dəyişib. Çünki ABŞ digər iki ölkədən tədarükdən imtina edib və onlara qarşı sanksiyalar tətbiq edib. Beləliklə, "Urals" nefti yeganə əlverişli ağır neft növünə çevrilib", - "A3F Group" şirkətlər qrupunun həmtəsisçisi Aleksandr Dujnikov deyib.
Uyğun xüsusiyyətlərinə əlavə olaraq, Rusiya xammalı qiymətinə görə cəlbedicidir. Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında "Urals" markasının bir bareli orta hesabla 40,34 dollara satılıb, ötən ilin yanvar-iyul aylarında isə qiymət 65,27 dollar olub.
Bundan əlavə, neft yükünün daşınma qiyməti əhəmiyyətli dərəcədə azalıb. Karantindən çıxdıqdan sonra isə yanacaq istehlakı artıb – insanlar daha çox hərəkət etməyə və təyyarələrdə uçmağa başlayıblar.
Sənaye böhranı
Neft qiymətlərinin çökməsi səbəbindən ABŞ-da qazma qurğularının sayı minimuma enib. "Dakota Access" neft kəməri ekoloji qanunvericiliyin pozulması səbəbindən bağlanıb.
Gündəlik hasilat 13,1 milyondan 11,1 milyon barelə düşüb. Üstəlik, bu, ABŞ-ın ən məhsuldar şist hövzələri olan Perm, İql-Ford, Bakken, Niobrom, Anadarko, Appalaç və Heynsvil hövzələrində də müşahidə olunur. EIA-nın avqustun 11-də nəşr etdiyi proqnoza görə, bu il sənayenin orta istehsal gücü gündə 11,26 milyon barel, 2021-ci ildə isə 11,14 milyon barel təşkil edəcək. Dekabradək məhz amerikalılar dünya neft tədarükünün azaldılmasına ən böyük töhfəni verəcəklər. Bunu EIA proqnozlaşdırır.
"Haynes & Boone" şirkətinin məlumatına görə, yanvardan etibarən ümumi borcu 25,2 milyard dollar olan 36 neft-qaz şirkəti müflisləşmə prosedurunu işə salıb. Onların arasında ən böyük şist şirkətlərindən biri "Whiting Petroleum", həmçinin "California Resources" və şist sənayesinin pioneri "Chesapeake Enеrgy" var. İyunda başqa bir böyük şist istehsalçısı - "Extraction Oil & Gas" borc faizlərini vaxtında ödəyə bilməyib və iflas proseduruna başlamaq üçün məhkəməyə müraciət edib.
"Rystad Energy" şirkətinin qiymətləndirmələrinə görə, ilin sonuna qədər, demək olar ki, Amerikanın 150 neft-qaz şirkəti özünü iqtisadi cəhətdən müflis elan edəcək.
ABŞ-da şist hasilatı gündə beş milyon bareldən aşağı düşə bilər. "ShaleProfile Analytics" proqnozlaşdırır ki, nəticədə sənaye istehsal güclərinin üçdə birini itirəcək.