Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 14 avqust — Sputnik. Populyar müğənni Nura Surinin tikinti şirkətlərinin birində reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunması ictimaiyyət arasında geniş müzakirə obyektinə çevrilib. Sputnik Azərbaycan bildirir ki, müğənni bu barədə özünün "Facebook" səhifəsində yazıb. Müğənni qeyd edib ki, pandemiyadan əvvəl də sənəti ilə paralel, digər sahələrdə də fəaliyyət göstərib: "Restoran və mağazaların açılışlarının təşkilatçılığını etmişəm. Uzun illər məşhur restoranların reklamı ilə məşğul olmuşam, tədbirlər təşkil etmişəm. Məşhurlar və jurnalistlər bunu yaxşı bilirlər, çünki keçirdiyim tədbirlərdə qonağım olublar".
Müğənni bildirib ki, vəzifəyə təyin olunduqdan sonra ondan iş istəyirlər: "Reklam işi ilə tək bu gün deyil, çoxdan məşğulam. Axı niyə bu xəbərə bir çoxu təəccübləndi, anlamadım. Tikinti şirkətində Reklam və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsidir, şirkət müdiri vəzifəsi deyil. Təəccüblü heç nə yoxdur. Maaşım yüksək deyil. Amma bu gün bu miqdarı da qazanmaq çox çətindir. Mesaj yazıb, məndən iş istəyənlər var. Mənim işim şirkətin reklamı ilə əlaqəlidir, işədüzətməylə bağlı deyil. Xahiş edirəm, mənə belə mesajlar yazmayın", - deyə müğənni əlavə edib.
Qeyd edək ki, müğənni Nura Suri tikinti şirkətlərinin birində reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.