CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şimal-qərb bölgəmizin qeyri-adi əmək aləti - Sağlam nəslin yetişməsində onun da rolu var

© Sputnik / Shahperi AbbasovaDingə aləti
Dingə aləti - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatalada qeyri-adi qədim əmək aləti: Onu doqqaza, kənd meydanına qoyurlar ki, hamı istifadə edə bilsin.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Zaman keçdikcə, əl əməyini texnika əvəz edir. Lakin elə qədim əmək alətləri var ki, onlar hələ də bölgələrimizdə qorunub saxlanmaqdadır və insanlar onlardan sevə-sevə istifadə edir.

Söhbət palıddan düzəldilən, dənli bitkiləri döymə üsulu ilə un halına salan alətdən – dingdən gedir. Sözügedən alət Zaqatalanın bəzi kəndlərində bu günümüzə qədər qorunub saxlanılıb. Rayonun Yengiyan kənd sakinləri də ata-babalarından qalan “miras”ı qoruyub saxlamağı bacarıblar.

Zaqatala rayon Mosul kənd Mədəniyyət evinin müdiri, tarixçi Şaiq Əlixanovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, dingin tarixi qədim Albaniya dövrünə qədər gedib çıxır: “Dingin tarixi qədimdir. Keçmişdə ata-babalarımız tərəfindən gövdəsi yoğun palıd ağacının içi oyularaq hazırlanıb. Alətin uc hissəsinə xüsusi daş yerləşdirilir. Buna babalarımız “ildırım vuran daş” deyirdilər. Daş yanır, kristallaşır, daha sonra onu cilalayırlar. Bu daş heç vaxt ovulmur və çəkic rolunu oynayır. Bütün dənli bitkilər o daş vasitəsi ilə ovxalanır və un halına salınır”.

© Sputnik / Shahperi AbbasovaDing alətindən istifadə
Şimal-qərb bölgəmizin qeyri-adi əmək aləti - Sağlam nəslin yetişməsində onun da rolu var - Sputnik Azərbaycan
Ding alətindən istifadə

Alətin ön hissəsində girdə çala, arxa hissəsində isə bir cüt qol olur. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilir. Bu ucluq çalaya doldurulmuş çəltiyə dəydikcə onu un halına salır. Üyütmə prosesi un ələkdən keçirilməklə iki-üç dəfə təkrar olunur. Şaiq Əlixanov bildirir ki, bu prosesin vaxtaparan və fiziki güc tələb edən olmasına baxmayaraq, onunla daha çox qadınlar məşğul olur: “Həmin prosesi tək həyata keçirmək qeyri-mümkündür. Ən azı 3 nəfər üyütmə prosesində iştirak edir.  Babalarından yadigar qalmış bu aləti gələcək nəsillərə ötürmək üçün kənd sakinləri onu vaxtaşırı təmir edirlər”.

Tarixçinin sözlərinə görə, bu alətə qədər dəyirmanlar yox idi. Ding aləti də məhz bu zərurətdən yaranıb. Zaqatalanın Mosul, Faldar, Kəpənəkçi kəndlərində hələ də dinglər qalmaqdadır. Dingin üstün cəhəti bir də ondadır ki, alətin ilkin forması qorunub saxlanılıb.

"Bura hansısa modern texnologiya əlavə edilməyib, elektrikdən istifadə olunmur. Ona görə də, dingdə hazırlanan məhsul dadını və keyfiyyətini qoruyur. Elə buna görə də dingdə üyüdülən undan hazırlanmış qidalar çox ləzzətli olur”, - deyə Ş.Əlixanov bildirib. 

Şaiq müəllim özü də yeni bir ding hazırladaraq kənd camaatının ixtiyarına vermək fikrindədir: “İstəyirəm özüm bir ding hazırladım, kəndin meydanına qoyum və hamı ondan istifadə etsin. Özü də təkcə yerli camaatı yox, digər bölgələrdən gələn insanlar da öz məhsullarını dingdə üyütsünlər”.

© Sputnik / Shahperi AbbasovaDing aləti
Şimal-qərb bölgəmizin qeyri-adi əmək aləti - Sağlam nəslin yetişməsində onun da rolu var - Sputnik Azərbaycan
Ding aləti

Kənd sakini İbadulla Qurbanovun atasından qalan dingdən bu gün bütün kənd sakinləri istifadə edir. İbadulla bəyin xanımı Bahar Qurbanova deyir ki, qaynatasından qalan, yaşı bir əsrə bərabər olan bu alət əvvəl həyətlərində olub. Sonra onu doqqaza çıxarıblar ki, camaat istifadə edə bilsin.

"Bizim bölgədə hazırlanan bəzi şirniyyatlar məhz dingdə üyüdülən undan hazırlanır. Novruz, Qurban, Ramazan bayramlarında hamı gəlib düyünü, buğdanı, qarğıdalını bu dingdə üyüdür. Xeyir-şər məclislərimiz dingdə üyüdülən düyüdən hazırlanmış şirniyyatlarsız keçmir. Bölgəmizin ən məşhur şirniyyatı olan düyü halvasının unu mütləq dingdə üyüdülməlidir. Dükandan alınan düyü ilə halva alınmır”, - Bahar Qurbanova deyir.

Kənd sakini Qəndab Əlixanova da o fikirdədir ki, dingdə üyüdülən unun dadını heç nə əvəz etmir: “Satışda olan, digər dəyirmanlarda üyüdülən unun dadı ilə dingdə hazırlanan unun dadında yerlə göy qədər fərq var. Dingə üyüdülən un öz keyfiyyətini qoruyub saxlamaqla bərabər, ondan hazırlanan şirniyyatlar olduqca kolorili olur. Məhz elə buna görə də, yeni ana olan qadınlara, süd əmizdirən analara mütləq dingdə üyüdülən undan yeməklər və şirniyyatlar hazırlayırlar. Bu, artıq bizim kəndimizdə adət halını alıb. Mən bu kəndə gəlin gəlmişəm, əvvəllər dingdən istifadə edə bilmirdim, bura gələndən sonra öyrəndim”.

© Sputnik / Shahperi AbbasovaDing alətindən istifadə
Şimal-qərb bölgəmizin qeyri-adi əmək aləti - Sağlam nəslin yetişməsində onun da rolu var - Sputnik Azərbaycan
Ding alətindən istifadə

Uzun illər dingdən istifadə edən kənd sakini Sədaqət Məmmədova da dingdə hazırlanan qidaların faydalarından danışıb: “Dingdə çəltik, buğda, qarğıdalı əzilir. Sonra ondan düyü halvası, qorqud hazırlanır. Bizim bölgədə belə bir adət var, təzə uşaq dünyaya gələndə onun üçün beşik məclisi təşkil edirlər. Həmin məclisdə qorqud və düyü halvası mütləq hazırlanır. Bu ənənə hələ də davam edir. Qorqud insan orqanizmi üçün olduqca faydalıdır. Yeni ana olmuş qadınlara mütləq qorqud yedirirlər ki, ananın orqanizmi güclənsin, südü artsın. Qorqud və düyü halvası faydalı olmaqla yanaşı, həm də ucuz başa gəlir”.

Xəbər lenti
0