BAKI, 13 avqust - Sputnik. Nazirlər Kabineti 48 dövlət orqanına (nazirliklər, agentliklər və s.) məktub göndərib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, Baş Nazir Əli Əsədovun avqustun 10-da imzaladığı məktubda 3 əsas məqam nəzərdə tutulub.
Məktubda nəzərdə tutulan dövlət orqanlarında işə cəlb ediləcək işçilərin sayının 20-30 %-dən ən çoxu 50%-ə qaldırılması ilə bağlı tapşırıq verilib. Həmin dövlət orqanlarında indiyə qədər işçilərin 20 və 30 %-i işə cəlb edilirdi. Bu sayın dərəcəsi artıq 50%-ə qədər yüksəldilib.
Məktubda qeyd edilən ikinci məqama əsasən, dövlət orqanlarında 65 yaşdan yuxarı işçilərin işə cəlb edilməməsi tapşırığı verilib.
Qeyd edək ki, indiyədək 60 yaşdan yuxarı işçilərin işə cəlb edilməsi qadağan idi.
Üçüncüsü isə dövlət orqanlarında əməkdaşların həftələr üzrə qrafik müəyyən edilməklə, növbəlilik qaydasında işə cəlb edilməsi tapşırılıb.