Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 12 avqust — Sputnik. Ermənistanın Milli Strategiyasında ermənilərin Ermənistana repatriasiyası üçün şəraitin yaradılacağı qeyd edilir. Bununla da Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasəti üçün əlavə insan resursları əldə etmək niyyəti güdür. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Milli Strategiyasında azad söz və plüralizm təbliğ edilir və bu ölkənin terrorizm və ekstremizmə qarşı olduğu qeyd olunur:
"Halbuki bu tam yalandır. Bu yaxınlarda Los-Ancelesdə, Brüsseldə və dünyanın digər şəhərlərində ermənilər barbarcasına azərbaycanlılara hücum etdilər və onlara xəsarətlər yetirdilər. Bu, məhz Ermənistanın ekstremizm siyasətinin nəticəsidir. Erməni diasporası da əsassız, mifik erməni müstəsnalığı üzərində qurulmuş ideologiyanı təbliğ edir. Nəticədə diaspora öz dağıdıcı fəaliyyəti ilə Ermənistan-Azərbaycan münaqişəsinin də həllinə əlavə maneələr törədir".
Sənəddə "panermənilik" haqqında yer almış məqamlarla toxunan prezidentin köməkçisi qeyd edib ki, bu, faktiki olaraq digər ölkələrin daxili işinə qarışmaq anlamına gəlir: "Çünki orada yaşayan ermənilər üçün Ermənistan tərəfindən istiqamət və prioritetlər müəyyən edilir. Sənəddə Ermənistanda demoqrafik böhran, dərin yoxsulluq, sosial bərabərsizlik və sosial qütbləşmənin mövcudluğu açıq etiraf edilir və artan emiqrasiya başlıca problemlərdən biri kimi göstərilir. Bununla yanaşı, Ermənistanın iqtisadi inkişafı ilə bağlı bir sıra fikirlər yer alır. Lakin unutmaq olmaz ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyənə qədər regional iqtisadi layihələrdən kənarda qalacaq, iqtisadi izolyasiya şəraitində yaşayacaq. Münaqişə həll edilmədiyi təqdirdə, Ermənistanda hər hansı iqtisadi inkişaf perspektivlərindən, eləcə də emiqrasiya, yoxsulluq, işsizlik və sosial bərabərsizliyin aradan qaldırılması barədə danışmaq mənasızdır".
Hikmət Hacıyev vurğulayıb ki, əhalinin sayının stabilləşdirilməsi və demoqrafik artıma nail olmaq Ermənistan dövlətinin məqsədi kimi qoyulub: "Lakin Ermənistan öz işğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə heç cür bu məqsədlərə nail ola bilməyəcək və vəziyyət daha da pisləşəcək. Çünki insanların Ermənistanın gələcəyinə inamı yoxdur və Azərbaycanla qarşıdurmadan qorxan bir çox erməni ölkəni tərk edir. Sənəddə Ermənistanın yüksək texnologiyalar mərkəzi kimi inkişafı prosesində elm-təhsil sisteminin roluna xüsusi önəm veriləcəyi qeyd olunur. Halbuki, elə Strategiyanın özündə də etiraf edildiyi kimi, savadlı insanların ölkəni kütləvi surətdə tərk etməsi fonunda bu məqsədə necə nail olmaq olar?"
Prezidentin köməkçisi xatırladıb ki, sənədin ətraf mühitə aid bölməsində məntiqlə Metsamor atom elektrik stansiyası məsələsinə toxunulmalı idi, amma maraqlıdır ki, bu haqda heç bir istinad yoxdur: "Halbuki, fəal seysmik zonada yerləşən və istismar müddəti bitmiş bu AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir.
Ümumiyyətlə sənədin təhlili göstərir ki, diqqəti Ermənistan iqtisadi inkişaf, təhsil, elm kimi məsələlərə deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlara verir. Bu, Ermənistan hakimiyyətinin gələcəyə baxışını xarakterizə edir. Əsas məqsəd erməni xalqını münaqişənin girovu kimi saxlamaqdır".