CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Stereotipləri qıraraq - böyük sözünə baxmamaq azərbaycanlı gəncin həyatını dəyişdi

© Sputnik / Rahim MuradovMirənvər İsmayılzadə
Mirənvər İsmayılzadə  - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il Tibb Universitetində təhsilini yarıda qoyub, bu il ali məktəbə qəbul olmaq üçün yenidən imtahanlara qatılan lənkəranlı gənc yüksək nəticə əldə etdi

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. O ötən il yüksək balla həkimlik ixtisasına daxil olur, 3-4 ay da Tibb Univeristetinin auditoriyasında oturur. Lakin bu müddətdə anlayır ki, valideynləri onu cərrah görmək istəsələr də, bu sahənin adamı deyil. Bu il ali məktəbə qəbul olmaq üçün yenidən imtahanlara qatılan Lənkəran rayonunun Digah kənd sakini Mirənvər İsmayılzadə birinci mərhələdə 300 bal toplamaqla respublikada yüksək nəticə əldə edib.

Mirnail İsmayılov oğlunun yüksək balla qəbul olunduğu Tibb Universitetini tərk etməsinin onları sevindirmədiyini Sputnik Azərbaycan-a müsahibəsində bildirdi: "Yəni bu, hər adamın başına gələn hadisə deyil. Hər bir valideyn öz övladının ya hüquqşünas, ya yüksək səviyyəli mütəxəssis, xüsusən də həkim olmasını arzu edir. Biz Mirənvəri cərrah kimi görmək istəyirdik. Sən demə, onun başqa bir fikri var imiş. Universiteti tərk etdikdən sonra bütün tənqidi fikirlərə dözdü. Lakin onun növbəti imtahanlarda daha yüksək nəticə əldə edəcəyini vəd verməsini də xatırlamıram. Açığı, belə bir nəticəni gözləmirdim və gecənin bir yarısı xəbəri biləndə yaxşı tərəfdən şok oldum. Bütün valideynlərə belə bir şok olmalarını arzu edirəm. Mirənvərə dərs deyən 10 saylı məktəbin müəllimləri ona qəbul olunmasında dəstək oldular və buna görə onlara, xüsusən də məktəbin direktoruna çox-çox minnətdaram".

© Sputnik / Rahim MuradovMirənvər İsmayılzadə atası Mirnail İsmayılovla birgə
Stereotipləri qıraraq - böyük sözünə baxmamaq azərbaycanlı gəncin həyatını dəyişdi - Sputnik Azərbaycan
Mirənvər İsmayılzadə atası Mirnail İsmayılovla birgə

Məlumat üçün bildirək ki, Mirənvər İsmayılzadə 2019-cu ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbini bitirdikdən sonra ali məktəblərə qəbul imtahanlarında 652 bal toplayaraq Tibb Universitetinə qəbul olunub. "Müalicə işi" fakültəsində 3-4 ay təhsil aldıqdan sonra öz ərizəsi ilə universitetdən xaric olunmasını istəyib.

Səbəbi isə Mirənvər belə izah edib: "Universitetdə bir müddət təhsil aldıqdan sonra həkimliyin istədiyim peşə olmadığını anladım. Ötən il öyrəndiklərim bu il mənim hazırlaşmağımda çox mühüm rol oynadı. Dərs ilinin əvvəllərində müəyyən qədər hazırlıq kurslarında məşğul oldum. Lakin ilin ikinci yarısında pandemiyaya görə hamı kimi mən də hazırlıqlarıma evdə davam etməli oldum.

Ötən il IV ixtisas qrupunu seçmişdim, bu il isə I ixtisas qrupunu seçdim. Qruplarda fənlər, demək olar, oxşar olduqları üçün hazırlaşdığım dövrlərdə elə də ciddi çətinliklərlə qarşılaşmadım. DİM-in təşkil etdiyi sınaq imtahanlarının, demək olar, hamısında iştirak etdiyim üçün qəbul imtahanlarında qəti həyəcanlanmadım. Abituriyentlərə məsləhətim odur ki, nəzəriyyəni oxuyub bitirdikdən sonra öz biliklərini testlərlə təkmilləşdirə bilərlər. Çünki mən 9-cu sinfə qədər nəzəriyyəni tam oxuyandan sonra X-XI siniflərdə yalnız testlərlə işləyirdim. Mən XI sinifdə oxuyanda, demək olar ki, nəzəriyyə oxumurdum, yalnız testlərlə işləyirdim".

"Qeyd edim ki, atamla anam ingilis dili fənni üzrə müəllimdirlər. Hər iki valideynimin mənim qəbul imtahanlarına hazırlaşmağımda böyük dəstəkləri olub və onlara böyük minnətdarlığımı bildirirəm. Bundan əlavə, bitirdiyim şəhər 10 saylı orta məktəbin direktoru Qadir Axundov müəllimə də dərin təşəkkürümü bildirirəm. Çünki Qadir müəllim imtahanlara hazırlıq prosesində mənə ciddi şəkildə dəstək verib. Mənim bir bacım var, o da dərslərini yaxşı oxuyur, lakin onun hazırlaşdığı ixtisas bloku mənimkindən fərqli olduğu üçün bacıma çox da köməklik göstərə bilmirəm", - Mirənvər əlavə edib.

Beləliklə, qəbul imtahanının birinci mərhələsində maksimum 300 bal toplayan M.İsmayılzadənin hədəfi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmaqdır. Qeyd edək ki, Mirənvər İsmayılov ötən il Amerika Birləşmiş Ştatlarının univeristetlərinə qəbul imtahanlarında da yüksək nəticə göstərib. Lakin Azərbaycanın Tibb Universitetinə daxil olduğu üçün orada ixtisas seçimində iştirakdan imtina edib.

Xəbər lenti
0