Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 12 avqust — Sputnik. Bu gün bir çox ölkələrdə daşınmaz əmlakla yanaşı, daşına bilən əmlaka da maraq və yatırım var. Daşına bilən əmlak - konteyner evlər artıq bütün dünyada da geniş yayılıb.
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da daşınabilən evlər var. Bu evlərin qiyməti digərləri ilə müqayisədə daha sərfəlidir.
Sputnik Azərbaycan əmlak bazarına yenicə daxil olan bu evlərin qiyməti ilə maraqlanıb. Çöl səthi beton panelli olan, daşına bilən, iqlim şəraitinə uyğunlaşan bu evlər əsasən bağ evləri hesab edilir və daha çox dəniz qırağında, istirahət yerlərində qurulur.
Əlaqə saxladığımız şirkətdən bildirilib ki, bu evlər zəlzələyə, eyni zamanda da nəmə davamlıdır. Səsə qarşı izolyasiya edilən konteyner evlərin qiyməti o qədər də yüksək deyil - 1 kvadrat metrə görə 350 AZN-dir: "Bu qiymətə təmir daxildir. Bundan başqa, əlavə olaraq hamam-tualetin quraşdırılması üçün 600 AZN tələb olunur".
Evlər dəmir karkas və panellərdən ibarətdir:
"Konteynerlər dəmir karkas üzərində yığılır. Bir konteyner 6 metr uzunluqda, 2,5 və ya 3 metr endə olur. Onların üzərinə beton panellərlə divar səthi çəkilir, alt hissələr daşla izolyasiya olunur. Altı alçipanla ötürülür və divar kağızı vurulur. Adətən ölçülər 15-18 kvadrat metr olur, amma bu standartlardan kənara çıxmaq mümkündür. Yəni 30-77 kvadrat metrlik sifarişlər də qəbul olunur".
"Bizdə yerində satış həyata keçirilir. Sonradan müştəri tərəfindən kran gətirilir və bu evlər lazım olan ünvana daşınır. Onları istənilən ünvana aparmaq mümkündür".
Materialların isə Bakıda istehsal edildiyi deyilir.
Qeyd edək ki, bu gün əmlak bazarında hazır təmirli mənzillərin 1 kvadrat metrinin qiyməti 1500 manatdan başlayır. Daşına bilən təmirli evlər isə bundan təxminən 5-6 dəfə ucuzdur.