Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 12 avqust — Sputnik. Bərdədə kütləvi dava olub. Hadisə ötən gecə saat iki radələrində rayonun Şorəlli kəndində qeydə alınıb. Kənd sakinləri avtomat atəşlərinin səsini eşidiblər. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, hadisə kriminal qruplaşmaların qarşıdurması zəminində yaranmış mübahisə nəticəsində baş verib. Qarşıdurmada iştirak edənlər arasında Şəmkir və Yevlax rayonlarının sakinlərinin də olduğu bildirilir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə etdiyimiz məlumata görə, 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğlu yaralanıblar. Onların vəziyyətləri ağır qiymətləndirilir.
Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu vəfat edib.
Hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb. Son məlumata görə, hadisənin 27-yə qədər iştirakçısı saxlanılaraq istintaqa cəlb olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təcrübəli prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri rayona ezam olunublar. Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.