İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 10 avqust — Sputnik. "Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarətdə olan ərazilərdə bu günə qədər ölümlə nəticələnən boğulma hadisəsi qeydə alınmayıb".
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili danışıb.
Onun sözlərinə görə, suda boğulma təhlükəsi ilə qarşılaşan bir neçə şəxs FHN-in xilasediciləri tərəfindən xilas edilib.
A.Əlili bildirir ki, kifayət qədər qaydalara əməl edən şəxslər olsa da, qaydalara məhəl qoymayaraq sərxoş halda suya girən, üzmə nişanlarını üzüb keçən, suda kobud hərəkətlər edən vətandaşlara da rast gəlinir. Eyni zamanda A.Əlili son 5 gündə valideynləri tərəfindən nəzarətsiz buraxılaraq çimərlikdə sahibsiz qalan uşaqlardan da söz açıb:
"Bununla bağlı bizə 10-dan çox məlumat daxil olub, xoşbəxtlikdən, uşaqlar xilasedicilər tərəfindən tapılaraq valideynlərinə təhvil veriliblər. Valideynlərə müraciət edirik ki, çimərlikdə uşaqları nəzarətsiz qoymasınlar".
"Ayın 5-dən çimərliklərin fəaliyyətinə dair qərar qəbul edildi. Bildiyiniz kimi, nəzarət edilən çimərliklər və ictimai çimərliklər var. Həmin çimərliklərdə FHN tərəfindən sularda təhlükəsizliklə bağlı, kompleks təhlükəsizlik tədbirləri görülüb. Eyni zamanda çimərliklərdə koronavirusun profilaktikasına dair olan göstərişlərin tələblərinə əməl edilir. Sosial məsafə, şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi həyata keçirilir", - deyən Aqşin Əlili bildirib ki, nəzarət edilməyən çimərliklərdə hazırda bu qaydalara əməl edilmir.
Onun sözlərinə görə, nəzarətsiz çimərliklərdə təhlükəsizlik tədbirləri görülmədiyindən bədbəxt hadisələr baş verə bilər.