BAKI, 10 avqust — Sputnik. Belarusda qeyri-qanuni aksiyalarda iştiraka görə 3 minə qədər adam saxlanılıb. Sputnik Belarus xəbər verir ki, bunu Belarus Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Olqa Çemadonava bildirib.
"Ümumilikdə qanunsuz kütləvi tədbirlərdə iştiraka görə bütün ölkə ərazisində təxminən 3 minə qədər insan saxlanılıb. Onlardan təxminən minə yaxını Minskdə, iki mindən çoxu isə Respublikanın digər regionlarında", - deyə DİN rəsmisi qeyd edib.
Onun sözlərinə görə, qarşıdurmalar nəticəsində 50-dən çox vətəndaş, həmçinin 39 milis işçisi zərər çəkib ki, onlardan bəziləri xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyası ötən gün keçirilən prezident seçkisinin ilkin nəticələrini açıqlayıb.
Belarus MSK-sının bu gün saat 9-a olan məlumatına görə, nəticələr aşağıdakı kimidir:
Aleksandr Lukaşenko - 80,23%
Svetlana Tixanovskaya - 9,90%
Anna Kanoptskaya - 1,68%
Sergey Çerçen - 1,13%
Andrey Dmitriyev - 1,04%
Belarus MSK sədri Liliya Yeroşinanın sözlərinə görə, bazar günü baş tutan seçkidə seçici fəallığı 84,23% olub. Ümumilikdə seçkilərdə iştirak edən şəxslərin 6,02 faizi bütün namizədlərin əleyhinə səs verib.
Seçkilərdən sonra Belarusun müxtəlif regionlarından insanlar toplaşaraq qanunsuz aksiya keçiriblər.