BAKI, 10 avqust — Sputnik. İngiltərənin Saffolk qraflığından olan xəzinəaxtaranlar The Lindsey Rose barının yaxınlığında qədim xəzinə tapıblar. Bu barədə yerli qəzet East Anglian Daily Times məlumat verib.
40 yaşlı Lyuk Mahoni və iki dostu məkanın sahiblərinin icazəsi ilə barın yaxınlığında yerləşən sahəni metal axtaran detektor vasitəsilə araşdırıblar. Onlar xəzinə axtarışlarına iyulun 26-da səhər saatlarında başlayıblar. Mahoninin ilk tapıntısı sikkələr olub: qızıl və altı pens. Bir az fasilədən sonra ortaqlar bütün ərazidən sikkələr tapmağa başlayıblar.
"Onlar hər yerdə idi. On dəqiqəlik axtarışdan sonra güclü bir siqnal eşitdim və düşündüm: "Budur o". Qazmağa başladıq və burada küp gördük. Palçığı qaşıyıb təmizləyirsən və sikkələri görürsən, bu təsvirəgəlməz hissdir", - deyə Mahoni xatırlayır.
Xəzinəaxtaranlar barın sahəsini üç gün ərzində ələk-vələk ediblər, gecələr isə buranı digər xəzinəaxtaranlardan qoruyublar. "Mən orada üç gün keçirdim. Yatmadım. Gecələr maşında oturur və kimsənin xəzinənin dalınca əraziyə girməməsi üçün oranı izləyirdim. Hətta indi belə mən bir az həyəcanlanıram", - Mahoni deyir.
Nəticədə, ortaqlar XV-XVII əsrlərə aid 1061 gümüş sikkəni qazıb çıxarmağa nail olublar.
Ekspert Naycel Millsin qiymətləndirməsinə görə, hərracda tapılan sikkələrin dəyəri 100 min funt sterlinqə çata bilər.
Daha əvvəl Polşanın Krakov şəhərində inşaatçılar binanın zirzəmisində dəyəri 400 min funt-sterlinqə bərabər olan 10 min qədim sikkə tapmışdılar. Dəfinə Krakov Arxeologiya Muzeyinin nümayəndələrinə təhvil verilib. Onlar pul torbalarının həmin binada necə peyda olduğunu öyrənməyə çalışacaqlar.