Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 7 avqust — Sputnik. Mingəçevirdə suyun altından daşlaşmış ağac parçası tapılıb. Suda çürümədən illərlə qalıb daşa dönən ağac qalığı Mingəçevir su anbarının ərazisində aşkarlanıb. Anbarda suyun azalması nadir tapıntını üzə çıxarıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət edən Mingəçevir şəhər sakini, ixtisasca rəssam heykəltəraş olan Böyükkişi Adilbəyli ölkədə ilk dəfə olaraq belə bir ağac qalığının tapıldığını iddia edib. O, daşlaşmış ağacın necə tapıldığından danışıb: “Yaxın dostlarım anbarın ətrafında ocaq qalayan zaman onu aşkarlayıblar. Bu zaman daşlaşmış ağac parçası ağır olması və yanmaması ilə onların diqqətini çəkib. Gətirib mənə verdilər, gördüm ki, unikal tapıntıdır. İnternetdə araşdırma apardım, qarşıma daşlaşmış ağacın yalnız Amerikanın Arizona ştatında tapıldığı çıxdı. Ölkəmizdə bu bir ilkdir”.
B.Adilbəyli ağacın çürüməməsini isə oksigenin təsirinə məruz qalmaması ilə izah edib. Onun fikrincə, ağac hava görmədiyindən daşlaşıb. O, ağacın tapıldığı əraziyə gedib onun digər qalıqlarını da aşkarlamaq fikrindədir.
Şəhər sakini ağacın növündən də danışıb: “Mənim bildiyimə görə, hazırda su anbarının altında qalan Samux ərazisində saxsı (saqqız) deyilən ağaclar bitib. Bu daşlaşmış ağac da həmin bitkinin qalıqlarındandır. Bu ağaclar çox möhkəm olur. Hətta eşitdiyimə görə, su anbarı tikilən zaman Kür çayının qarşısı kəsiləndə (1953-cü ildə) Samux meşəsində bu ağaclardan lap çox olub. Bu zaman rus əsgərləri həmin ağacları kəsib, nömrələyərək Rusiyanın Tula şəhərinə tüfəng qundağı düzəltmək üçün göndəriblər”.
Tapılan daşlaşmış ağac parçasının çəkisi 3 kq-dan artıq, uzunluğu 40 sm, eni 12, qalınlığı isə 5 sm-ə yaxındır. Rəssam heykəltəraş Böyükkişi Adilbəyli su anbarından tapılan eksponatın araşdırılması üçün mütəxəssislərə müraciət edib: “Onsuz da bunu gələcək nəsillərin görməsi üçün ekologiya və ya digər muzeylərdən birinə təqdim edəcəm. Azərbaycanın zəngin flora və faunasının olduğunu göstərəcəm. Amerikanın Arizona ştatında böyük bir sahədə muzey yaradıblar və ora gələnlər bir nəfər üçün 20 dollar pul ödəyirlər ki, ağac eksponatlara baxsınlar. Bu eksponatlar artıq Azərbaycanda mövcuddur”.
Qeyd edək ki, Mingəçevir su anbarının ərazisində bir neçə il öncə də maraqlı eksponatlar tapılıb. Onlar arasında cənub filinin, digər nəhəng heyvan sümüklərinin qalıqları aşkarlanıb. Hazırda həmin əşyalar Mingəçevirdə yerləşən muzeylərdə qorunur.