BAKI, 6 avqust — Sputnik. Şabran Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan üç rayon sakini saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rauf Əliyev yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan bir kiloqrama yaxın qurudulmuş marixuana və kibrit qutularında saxladığı çətənə bitkilərinin toxumları, eləcə də evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi hündürlüyü 30-195 sm-ə qədər olan 15 ədəd çətənə bitkisi aşkarlanıb.
Dindirilmə zamanı R.Əliyev çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli daha iki rayon sakinləri – Samir Məmmədov və Bəhruz Babayev saxlanılıblar. Samir Məmmədovun üzərinə keçirilən baxış zamanı ondan altı bükümdə qurudulmuş marixuana, Bəhruz Babayevə məxsus fərdi yaşayış evindən isə aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi dörd ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Şabran RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.