CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlin hər fəslində təhlükəylə üz-üzəyik: qapıya asılanı yiyəsi vaxtında aparsa...

© Sputnik / Irade JELILGünəşlidə məişət tullantıları atılan ərazi
Günəşlidə məişət tullantıları atılan ərazi - Sputnik Azərbaycan
Abunə olmaq
Məişət tullantılarının qalaqlandığı ərazilərə yaxın yaşayan sakinlər də bunun zərərlərini hiss edə bilirlər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Məişət tullantılarının daşınması ilə əlaqədar Bakı şəhərində islahatlar aparılır.

Bu barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O qeyd edib ki, hazırda Bakıda yeni pilot lahiyənin icrasına başlanılıb: "Bu proses İngiltərənin böyük şirkətlərindən biri ilə aparılır. Pilot layihə olaraq bu işlər hələlik Nərimanov rayonunda baş tutur. Sözügedən rayonda yeni konteynerlər yerləşdirilib və bunlar adi konteyner deyil. Hər birində tullantıların çeşidlənməsi funksiyası var. Nərimanov rayonundakı layihə yekunlaşdıqdan sonra işlər Bakının digər rayonlarında da aparılacaq".

Nərimanov rayonu ağ günə çıxsa da, paytaxtın əksər rayonlarında məişət tullantılarının qalaqlanması və yandırılması problemi var.

Использованная защитная маска, брошенная на пляже, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik

Məsələn, elə dünən Novxanı və Sumqayıt bələdiyyə sədrləri Daxili İşlər Nazirliyi tərəfindən məişət tullantılarının qalaqlanmasına görə cərimə ediliblər. Ancaq görünən budur ki, məişət tullantılarının qalaqlanmasına görə cərimələr tətbiq edilsə də, bu cərimələrin ətraf mühiti çirkləndirməyi qarşısına məqsəd qoymuş şəxslərə təsiri yoxdur.

Paytaxtın əksər rayonlarında, Sabunçu, Xəzər, Suraxanı, Binəqədi rayonlarının əksər kəndlərində bu problemlə qarşılaşmaq mümkündür. Xəzər rayonunda bu problem daha çox sahilkənarı qəsəbələrdə və sahil zolağında özünü göstərir.

Müvafiq qurumlar pandemiya dövrü olduğunu bəhanə edib, belə məsələləri gözardı edirlər. Halbuki, pandemiyadan itkisiz çıxmaq üçün əsas ekoloji problemlər aradan qaldırılmalıdır. Məsələn, Binəqədi rayonunda əksər ərazilərdə sakinlər məişət tullantılarını xüsusi paketlərə yığaraq qapılardan asırlar.

Sakinlərin iddialarına görə, həftədə iki dəfə məişət tullantılarını daşıyan avtomobil gələrək, həmin tullantıları aparır.

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məişət tullantılarının qalaqlanması, yandırılması hallarına tez-tez rast gəlinir.

"Məişət tullantılarının daşınması ilə məşğul olan qurumlar bəzən öz işlərinə laqeydliklə yanaşırlar. Nəticədə isə arzuolunmaz vəziyyət yaranır", - deyən ekoloqun sözlərinə görə, məişət tullantılarının qalaqlanması bütün fəsillərdə insan sağlamlığı, ətraf mühit üçün təhlükə mənbəyidir.

Belə ki, yay aylarında qalaqlanan tullantılar istinin təsirindən qıcqırır. Bu zaman atmosferə sağlamlıq üçün zəhərli qazlar xaric olur. Bunu vətəndaşlar ərazidən keçərkən üfunət qoxusu kimi hiss edirlər.

"Yay-qış məişət tullantılarının qalaqlanmasının qarşısı alınmalıdır. Bu həm görüntü olaraq pis görünür, həm də ətraf mühit üçün təhlükəlidir. Məişət tullantılarının qalaqlandığı ərazilərə yaxın yaşayan sakinlər də bunun zərərlərini hiss edə bilirlər", - deyən ekoloq bildirir ki, bu məsələdə həm müvafiq qurumlar, həm də vətəndaşlar məsuliyyətli olmalıdırlar.

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsilə tənzimlənir.

Belə ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilirlər.

Xəbər lenti
0