Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 5 avqust — Sputnik. Türkiyənin məşhur ədəbiyyat portalı olan erikagacioyku.com ("Alça ağacı") Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin türk dilinə tərcümə edilmiş "Şəhidlər", "Bilə bildiyin qədər" şeirləri dərc olunub.
2015-ci ildən fəaliyyət göstərən portal bu ilin iyun ayından başlayaraq Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının aparıcı nümunələrini işıqlandıran "Azərbaycan ədəbiyyatı" bölməsini açıb. Bölməyə yerləşdirilmiş şeirlərlə yanaşı, dahi şairimizin həyat və yaradıcılığı haqqında da geniş məlumatlar oxuculara təqdim olunub.
Bundan başqa, həmin səhifədə ölməz şairimiz Nəbi Xəzrinin yaradıcılığı və "Dəniz, göy, məhəbbət", "İki səs" şeirləri də türk dilinə tərcümə edilərək, oxucuların ixtiyarına buraxılıb.
Bölmədə klassik Azərbaycan ədəbiyyatı ilə yanaşı, müasir Azərbaycan ədəbiyyatı nümunələrinin də mütəmadi olaraq işıqlandırılacağı nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən portalda dünyanın bir çox ölkələrinin məşhur şair və yazarlarının əsərləri tərcümə edilib.