BAKI, 5 avqust — Sputnik. Beyrutda baş verən partlayış nəticəsində 10 xilasedici həlak olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Livanın yerli "LBCI News" telekanalı məlumat yayıb.
"Biz Beyrutun yanğınsöndürən komandasının on üzvünü itirmişik", - deyə Beyrutun qubernatoru Marvan Abbuda bildirib.
Bu arada Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində qeyd edib ki, Livanda partlayış nəticəsində həlak olan Türkiyə vətəndaşlarının sayı 6-ya yüksəlib. Daha 6 Türkiyə vətəndaşı isə yaralanıb.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) August 5, 2020
Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.
İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.
Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.