BAKI, 30 iyul – Sputnik. İsveçrədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinoya qarşı cinayət işi açılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Sky News” xəbər yayıb. O, federal prokurorluq əməkdaşlarını səlahiyyətlərindən sui-istifadəyə təhrik etməkdə ittiham olunur.
Swiss special prosecutor commences criminal proceedings against FIFA President Gianni Infantino
— Sky News Breaking (@SkyNewsBreak) July 30, 2020
Bundan başqa, Yuxarı Vale bölgəsinin Baş prokuroru Rinaldo Arnolda qarşı da iş qaldırılıb. Məlumata görə, İnfantino və Arnold cari ilin iyul ayında vəzifəsini tərk etmiş Baş prokuror Maykl Lauberlə gizli görüşün iştirakçıları olub. Məhz bunlardan sonra İsveçrənin baş prokuroru Maykl Lauber vəzifəsindən azad olunub. Görüş FİFA-da korrupsiya hallarının istintaqı fonunda keçirilib.
Qeyd edək ki, İnfantino 2016-cı ilin fevralında FİFA-nın Növbədənkənar Konqresində prezident seçilib. O, bu postda çoxsaylı korrupsiya əməllərində ittiham olunan Yozef Blatteri əvəzləyib.