BAKI, 30 iyul — Sputnik. "Azərbaycan Hava Yolları Türkiyənin Antalya və digər istirahət zonalarına uçuşları bərpa edə bilər. Bununla bağlı danışıqlar gedir. Çoxsaylı müraciətləri nəzərə alaraq, belə bir təklif hazırlanıb və AZAL-a təqdim edilib. Yaxın günlərdə həmin təklifin qəbul ediləcəyi gözlənir. Yaxın günlərdə Azərbaycandan birbaşa Türkiyənin istirahət zonalarına da aviauçuşlar bərpa olunacaq".
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Turizm Agentlikləri Asossiasiyasının sədri Rüfət Hacıyev deyib.
Rüfət Hacıyev həmçinin onu da bildirib ki, artıq turizm agentlikləri də aviabiletlərin satışını həyata keçirə biləcəklər. İndiki vəziyyətdə turizm şirkətləri hazırladıqları turpaketlərə aviabiletləri daxil edə bilmirdilər və bu da bir sıra çətinlik yaradırdı: "Bu problemin həll edilməsi ilə bağlı Dövlət Turizm Agentliyi, Turizm Assosiasiyası, AZAL və Türk Hava Yolları razılaşma əldə edib. Turizm üzrə mütəxəssislər bildirirlər ki, Türkiyənin istirahət zonalarına uçuşların bərpa edilməsi və bilet probleminin həlli Azərbaycandan bu ölkəyə gedən turistlərin sayını bir neçə dəfə artıracaq. Artıq tərkibində bilet olan turpaketlər hazırlanıb".
Qeyd edək ki, hazırda AZAL aviareyslerin bərpası üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir. Yaxın vaxtlarda bəzi ölkələrə də uçuşların bərpası gözlənilir.