İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 29 iyul — Sputnik. İki il öncə Badamdar qəsəbəsində, 20-ci Sahə avtomobil yolunun sağ kənarında uçqun baş verdi. Böyük bir torpaq kütləsi yamacdan ayrılaraq yola töküldü. İstinad divarı dağıldı və sürüşmə zamanla davam etməyə başladı. Sürüşmə zonasında olan sakinlər köçürüldülər.
Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, sürüşmənin əsas səbəbi Badamdar dairəsində yerləşən minlərlə evin kanalizasiya sisteminin olmamasıdır. Belə ki, sistem olmadığı üçün sular birbaşa "şambo" adlanan quyulara axıdılır. Kanalizasiya, məişət və suvarma suları yamaca yığılır.
Yamac maili və torpaq qatı tez doya bilən narın qumlu-gilli suxurlar olduğu üçün torpaq doyur və müvazinət qüvvəsini itirir. Nəticədə yamac boyu hərəkət yaranır.
Qeyd edək ki, həmin vaxt qırılma nöqtəsi 10 metrdən yüksək idi. Həyətlərə mayaklar qoyulur, sürüşmənin dinamikası müşahidə edilirdi.
Hətta bildirilmişdi ki, yamacda sürüşmənin ən təhlükəli vaxtı qaya parçalarının ayrılıb, düşdüyü zaman olacaq. Çünki həmin qaya parçaları aşağı düşdüyü halda aşağıdakı ərazilər də zərər görəcəkdi.
Aradan iki il keçib.
Sputnik Azərbaycan xəbər verir ki, bu müddət ərzində ərazidə heç bir iş görülməyib.
Yola tökülən torpaq kütləsi yolu bağladığı üçün sürücülər torpaq topasının üzərindən keçərək, özlərinə yol düzəltməyə çalışıblar.
İndi həmin ərazidə qəribə bir mənzərə yaranıb. Yolda böyük bir təpə var və sürücülər çəkinə-çəkinə həmin diki qalxıb, aşağı düşür və yola davam etməyə çalışırlar.
Hazırda yay fəsli olduğu üçün sürüşmə dayanıb. Ancaq yağışlar başlayan kimi yamacın yenidən sürüşməyəcəyinə heç kim zəmanət verə bilməz.
Yoldan keçən sürücülər isə, sözün əsl mənasında, əziyyət çəkirlər.
Taksi sürücüsü Seyid Əliyevin sözlərinə görə, təpədən keçmək yolu qısaltsa da, əsl işgəncədir. Çünki qarşıdan avtomobilin gəlib-gəlmədiyindən xəbərsiz olurlar. İki avtomobilin təpənin üstündə qarşılaşmasının verəcəyi nəticəni isə düşünmək belə qorxuludur.
Bu səbəbdən taksi sürücüləri həmin təpəni keçməmişdən əvvəl avtomobili saxlayıb, təpəyə qalxır, təpənin o biri tərəfindən avtomobil gəlmirsə, hərəkətə davam edirlər.
Torpaq təpə avtomobillərin hərəkətinə görə aşınıb, maşınlar hərəkət etdiyi zaman toz-duman havaya qalxır.
Qeyd edək ki, ərazidə böyük bir çadır qurulub və hər tərəfi bağlıdır. Müşahidə zamanı iki il ərzində yamacda heç bir işin görülmədiyi məlum olur.
Bir müddət əvvəl yamaca nəzarətin və bərpa işlərinin həyata keçirilməsi üçün Yaponiyadan mütəxəssislər də cəlb etmişdilər.
Amma görünən odur ki, heç bir iş görülmür. Yolun iki ildir bağlı olması, yamacın yenidən çökə bilmə təhlükəsinin olması heç bir qurumun maraqları çərçivəsində deyil.
Xatırladaq ki, bu ərazidə sürüşmə sonuncu dəfə 2018-ci ilin oktyabrın 11-də baş vermişdi.