BAKI, 28 iyul — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilmələri barədə sorğu edilib.
Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Şirxan Abdullayevin – 15 mart 2015-ci il tarixdə Gəncə şəhərində aralarında baş vermiş münaqişə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına; Elvin Cəfərovun – 03 aprel 2017-ci il tarixdə Bakı şəhərində sifariş əsasında qabaqcadan əlbir olan bir qrup şəxslə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq edərək zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə adam oğurluğuna cəhd etməsinə; Fuad Abbasovun – 22 iyun 2019-cu il tarixdə Bakı şəhərində aralarında yaranmış mübahisə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına; Mehdi Şükürovun – 2016-2019-cu illər ərzində bir qrup Azərbaycan Respublikasının vətəndaşları ilə cinayət əlaqəsinə girərək İran İslam Respublikası və Suriya Ərəb Respublikası ərazilərində qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyinə görə qeyd edilən şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan edilib.
Axtarışda olan şəxslərin Rusiya Federasiyasının ərazisində yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusu təmin edilməklə qeyd edilən şəxslər cari il 23 və 27 iyul tarixlərində Azərbaycan Respublikasına ekstradisiya edilib.